13 Aprel 2016 20:29
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenkonun adından ABŞ-ın "New York Times" qəzetinə müsahibə verməyə cəhd edilib. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin katibi Svyatoslav Seqolko bildirib.

Onun sözlərinə görə, qəzetə Poroşenko adından əlaqə üçün saxta telefon nömrələri göstərilmiş rəsmi prezident blankında məktub daxil olub. Həmin nömrələrdən, naməlum şəxs Poroşenkonu yamsılayaraq jurnalistlərlə danışıb, onların suallarına cavab verib.

Seqolko baş vermiş hadisənin arxasında Rusiya xususi xidmət orqanlarının durduğunu zənn edir. Onun fikrincə, Rusiya Ukraynaya qarşı "hibrid müharibə" aparır. Saxta müsahibənin dərc olunmasının qarşısı qəzet gerçək məbuat xidmətinə zəng etdikdən sonra alınıb.

"New York Times" qəzetinə göndərilmiş məktubun surətini Poroşenkonun mətbuat katibi öz Facebook səhifəsində dərc edib.

Məktubda deyilir ki, Poroşenko Ukraynada korrupsiya barədə məqalədən məyus olub və bu mövzuda şərh verməyə hazırdır. Ukraynanın yüksək rütbəli siyasətçilərinin korrupsiyaya uğraması barədə məqalə New York Times qazetində martın 31-də çıxıb və Poroşenkonun narazılığına səbəb olub.

Poroşenko məqalə çıxdığı tarixdə ABŞ-da səfərdə idi və yazını "Ukrayna dövlətini qaralamaq məqsədilə informasiya kanalları ilə aparılan hibrid müharibənin məhsulu" adlandırmışdı.

Sonradan Ukrayna prezidenti sözlərinin səhv yozulduğunu bildirərək New York Times qəzetinin mövgeyinə hörmətlə yanaşdığını qeyd etmişdi.

Mart ayında Vovan və Leskus adlı rusiyalı prankerlər Poroşenkonun Rusiya məhkəməsi tərəfindən mühakimə edilən hərbi qulluqçu Nadejda Savçenkoya saxta məktub göndərmişdilər.

Savçenkonun vəkilləri məktubun saxta olduğunu anlamayıb yazını Savçenkoya çatdırmışdılar.


Müəllif: