Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İranın region ölkələri, o cümlədən də Səudiyyə Ərəbistanı ilə münasibətlərindən danışıb:
“ABŞ prezidenti Obama Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə görüşüb. Bu görüşlərdə o, İranın ərəb ölkələri ilə dinc yaşamasına şərait yaradılmasından söz açıb və İran qarşısında güclü müdafiə səddinin yaradılmasının vacibliyindən danışıb. Görünür ki, köhnə adətləri tərk etmək asan iş deyil. Bölgə bizim əsas prioritetimizdir. Biz fars körfəzindəki qonşularımızla əməkdaşlıq etmək üçün hər fürsəti dəyərləndirməyi sevirik. Biz qonşularımızla istər açıq, istərsə də xüsusi görüş və təmaslarımızda aramızdakı ixtilafları dialoq yolu ilə aradan qaldırmağı tələb etmişik. Lakin təəssüflər olsun ki, heç kəs, o cümlədən də Səudiyyə Ərəbistanı bunu eşitmir, eşitmək də istəmir.
Son iki il yarımda, İran Qərb dövlətləri ilə nüvə danışıqları aparmaqla məşğul olduğu bir vaxtda Səudiyyə Ərəbistanı danışıqlara mane olmaq və onu zəiflətmək məqsədilə əlindən gələni etdi. Bunlardan biri də neft bazarlarını doldurmaq idi. Lakin biz buna da dözdük. Səudiyyə Ərəbistanı bilməlidir ki, hər şeyin bir həddi-hüdudu var və bizim də Ər-Riyad qarşısındakı dözümümüzün bir limiti var”.
Samir