6 İyun 2016 13:44
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstanda və digər Mərkəzi Asiya ölkələrində daxili asayiş təxminən eynidir. Yəni, özündən son dərəcə razı hökumət dairələri var və onlara da adətən ya ailə quruluşu, ya da hansısa avtoritar şəxsiyyət başçılıq edir. Eyni zamanda müxtəlif azadlıqlar yaranıb, bununla da artıq hakim dairələr bacarmırlar. Bədbəxtlikdən sosial vəziyyət, yəni camaatın vəziyyəti günü-gündən pisləşir”.

Bunu Qazaxıstanda son həftələrdə baş verən hadisələri Teleqraf.com-a şərh edən politoloq Rasim Ağayev bildirib.

R.Ağayev deyib ki, digər tərəfdən Mərkəzi Asiya ölkələrinin üzləşdikləri problemlər arasında radikal islamçılıq da var:

“Bu məsələ Sovet İttifaqının dağılmasına 20-25-il qalmış özünü göstərməyə başlamışdı. Yəni, müxtəlif islam qrupları yaranırdı. Bu prosesə Əfqanıstandakı hadisələr güclü təkan verdi, onu genişləndirdi və sürətləndirdi. Sovet İttifaqı dağıldıqdan sonra bütün islam qruplarının Yaxın Şərqdə, Türkiyədə olan islamçılarla geniş əlaqələri yarandı. Bunların daxilində radikalları da var. Bunu da Qazaxıstan hadisələri zamanı gördük. Orda açıq-aşkar radikal islamçı qruplar hərbçilərə, müxtəlif dövlət orqanlarına hücum etmişdilər. Məqsəd də o idi ki, silahlansınlar. Bu da onu göstərir ki, artıq Qazaxıstanda radikal qruplar hərəkətə gəlir.

Bu qrupların haradan idarə olunmaları, kimlərə bağlanmalarını bir kənara qoyuruq, amma obyektivlik naminə etiraf etməliyik ki, belə bir sosial, siyasi partlayışlar üçün Qazaxıstanda kifayət qədər səbəblər var. Söhbət bundan gedir”.

R.Ağayev bildirib ki, geniş ictimai dairələr hökumətin yürütdüyü siyasətdən narazıdır: “Baş verənlər sadə hadisələr deyil. Bunun arxasında ciddi səbəblər var. Bəli, Qazaxıstan hökuməti çox cəld tərpənərək bunun qarşısını ala bildi. Amma bununla problem həll olunmur. Yaxın vaxtlarda bu cür hadisələrin digər Mərkəzi Asiya respublikalarında, o cümlədən Özbəkistanda və Tacikistanda da şahidi olacağıq. Çünki bu ölkələrdə vəziyyət çox oxşar və eynidir”.

Ekspert Qazaxıstandakı hadisələrlə bağlı Rusiya və Qərb faktoruna da aydınlıq gətirib. O qeyd edib ki, söz-söhbət çox ola bilər: “Amma bir həqiqət var. Bu da ondan ibarətdir ki, əgər ölkə özü tam sağlam olsa, imkanları xalqı dolandıra bilsə, ona xaricdən nə qədər çalışsalar da, heç nə edə bilməzlər. Bəli, təbii ki, xaricin təsirləri var. Ancaq Qazaxıstanda camaatın təhsili var, gözləri açıqdır, internet var, məlumatlıdırlar. Əsas problemlər daxillə bağlıdır. Qazaxıstanda bir tərəfdə varlanmış hakim qüvvələr, digər tərəfdə isə milyonlarla yoxsul dayanıb. Özbəkistan da eyni vəziyyətdədir, Tacikistan ondan da pisdir. Təbii ki, müsəlman xalqları olduqları üçün islam onlara böyük təsir göstərir. Çünki ayrı ideologiya yoxdur”.

R.Ağayev Çinin bu cür məsələlərə girişmədiyini də vurğulayıb: “Çin amili bir faktor kimi var. Bəli, Çin varlanır, böyüyür, qüdrətlənir və sair. Qazaxıstan və Özbəkistanda onun təsirləri xüsusilə böyükdür. Mənim yadıma gəlir ki, 70-ci illərdə özbək şairi və ictimai xadimi, “Uygün” təxəllüsü ilə yazıb yaradan Rəhmətulla Atakuziyevin mənimlə oxuyan oğlu mənə “mühazirə” oxuyurdu. Sevinərək deyirdi ki, 2020-ci ilədək “sarı irq” bütün dünyanı bürüyəcək. Yəni, o zamandan bu cür ideoloji təsirlər var idi. İndi rejim dəyilib. O vaxt Sovet İttifaqı var idi, Çinin qarşısını almaq olurdu. İndi isə nə Sovet İttifaqı var, nə də insanları yönəldəcək ideologiya. Düzdür, Nursultan Nazarbeyev güclü siyasətçidir. Təbii ki, onun vəziyyəti də çox möhkəmdi. Amma bununla iş bitmir”.

Qeyd edək ki, “sarı irq” və ya “sarı təhlükə” ksenofob konsepsiyası Asiya xalqları və dövlətləri üçün potensial Çin təhlükəsinin artmasını simvolizə edir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər