30 Oktyabr 2019 16:18
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc şair Alik Əlioğlu ilə müsahibəni təqdim edir.

- Xəzər Univeristetinin jurnalistika fakültəsini bitirmisiniz, ancaq ədəbi mühitdən uzaq düşdüyünüz kimi jurnalistika ilə də məşğul olmursunuz. Ernest Heminquey demişkən, jurnalistika yaradıcılığı məhv edir, ona görə uzaqsınız yoxsa?

- Azərbaycan radiosunda işlədiyim dönəmi nəzərə almasaq, heç vaxt jurnalist fəaliyyətim olmayıb, bu baxımdan Heminqueyin fikirlərinə münasibət bildirə bilmirəm. Əvvəllər ədəbi tədbirlərdə iştirak edirdim, ədəbiyyat adamları ilə görüşürdüm. Mühitin içində idim. Sonra bu mühit mənə xoş gəlmədi. Mən onda çox cavan idim. Ədəbiyyatçı dostlarımın monoton həyatı məni çox sıxırdı: darıxdırıcı ədəbi tədbirlər, tüstülü kafelər, içki məclisləri və s.

Ona görə o mühitdən uzaqlaşdım. Orada özümü görmürdüm. Sonra tamam başqa sahə üzrə işləməyə başladım deyə, mühitdən tamamilə uzaqlaşdım və bu mənim yaradıcılığıma zərrə qədər də mənfi təsir etmədi. Odur ki, mühitdə olmağı lazımsız hesab etdim.

- Nə işlə məşğul olursunuz?

- Xəzər Universitetində Elektron Media Mərkəzinin rəhbəriyəm. Kənardan texniki işə oxşasa da, mənim üçün sayt düzəltmək çox yaradıcı işdir. Saytın səliqəli vizual görünüşünün arxa planında nə qədər səliqəsiz, əslində isə çox nizamlı kodların dayanmağı olduqca maraqlıdır.

Kodlardan birini silmək və ya əhəmiyyətsiz bir rəqəm, hərf əlavə eləmək kifayətdir ki, saytı tamamilə lazımsız vəziyyətə gətirəsən. Mənə elə gəlir ki, insan həyatı da kodlardan ibarətdir. Əgər insan öz kodlarını bilsə, çox rahat yaşaya, həyatını istədiyi kimi idarə edə bilər. Bizim zəifliyimiz ondadır ki, öz kodlarımızı bilmirik.

- Selincer də inzivaya çəkilmişdi. Bir çox ciddi yazıçılar ədəbi mühitdə öndə olmaqdan qaçır. Buna baxmayaraq yazmağa davam edirlər. Siz necə yazırsınız?

- Ədəbi mühitdə olmaqla yazmaq arasında ciddi bir vəhdət yoxdur. Ədəbi mühitdə öndə olan kifayət qədər istedadsız adamlar var.

- Müsahibələrinizin birində “həvəskar ədəbiyyatçıyam” demişdiniz. Amma ciddi imzalar sizin haqqınızda müsbət fikirlər söyləyib. Səlim Babullaoğlu, Şərif Ağayar, Əsəd Cahangir, Cavanşir Yusifli və başqaları. Bu fikirlər sizi motivasiya etmirmi? Ədəbi mühitdə görünmək üçün cəsarət vermirmi?

- Mən ədəbi mühitdə inamsızlıqdan yox, lazım bilmədiyimdən görünmürəm. Buna vaxtım yoxdur. Düşünürəm ki, ədəbi tədbirlər, ümumiyyətlə ədəbi mühit şairə, yazıçıya ciddi bir şey vermir. Adam ya istedadlıdır, ya da istedadsız. Bunu heç bir mühit dəyişə bilməz.

- Mütaliəniz necədir? Axırıncı dəfə nə oxumusunuz?

- Milan Kunderanın “Astagəllik” romanını bitirdim. İndi Murakaminin “Sərhəddən cənubda, günəşdən qərbdə” kitabını oxuyuram.

- Mövlud Süleymanlıdan başqa hansı nasirlərimizi bəyənirsiz?

- Mövlud Süleymanlı mənim yazıçımdır. Onun əsərləri mənə çox doğmadır. İsi Məlikzadə, Anar, Əkrəm Əylisli, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qan Turalı, Ayxan Ayvaz da bəyəndiyim yazıçılardır. Son günlər Samirə Əşrəfin hekayələrini oxudum. Çox bəyəndim. Fərqli və olduqca maraqlı yazıçıdır.

- Şeirlərinizdə, nəsrinizdə poetik ifadələr, fraqmental fərqli baxış var ancaq diliniz pintidir. Azərbaycan ədəbiyyatı az oxumuşunuz, ya necə? Bunu nə ilə əlaqələndirə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycan ədəbiyyatından kifayət qədər nümunələr oxumuşam. Bu həm klassik, həm də müasir ədəbiyyata aiddir. Dilimin pinti olmağı barədə fikrinizə hörmətlə yanaşıram, amma mən belə düşünmürəm.

- İndiki gənc şairləri oxuyursunuz? Kimləri bəyənirsiniz? Ən gənclərdən...

- Əlbəttə, oxuyuram. Çoxlu istedadlı gənclər var. Rəvan Cavid, Malik Atilay, Ulucay Akif, Eminquey...

- Gürcüstanda Beynəlxalq müsabiqədə iştirakınızdan danışın...

- Dostum Qismətlə mənə Gürcüstanda “Vaja Pşavela” adına mükafat verilirdi. Biz də hərəmiz öz dostumuzu yanımıza salıb apardıq. Mükafat veriləndən sonra dostumla mən maşın bazarına gedib ehtiyat hissələri aldıq.

Otelə qayıdanda qapıda bizi tədbirin təşkilatçılarından biri olan gürcü qadın qarşıladı. Əlimizdəki ehtiyat hissələrini görüb xeyli deyindi. Rəsmi tədbirə getmədiyim üçün gileyləndi. Başqa maraqlı əhvalatlar da olmuşdu. Uzun söhbətdir.

- Yeni kitab çap etməyi düşünürsünüzmü

- Hələ ki elə bir fikrim yoxdur. Əvvəlki iki kitabı da özüm çap etdirməmişəm. Birini Vektor Nəşrlər evi, digərini isə Yaradıcılıq Fondu çap edib. Heç biri də satışa getməyib. Bütün kitablar evdədir.


Müəllif: Dəniz Pənahova