7 Noyabr 2020 22:26
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Türkiyə lirəsi dollar və avro qarşısında kəskin dəyər itirir. Hazırda türk lirəsinin məzənnəsi dollar qarşısında 8,57, avro qarşısında isə 10,20 olub.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a məsələni mövud durumun səbəblərinu şərh edib.

Deputat bildirib ki, hazırkı şəraitdə türk lirəsinin ucuzlaşmasının bir sıra səbəbləri var: “Bir neçə ildir türk lirəsinə qarşı müəyyən təzyiqlər var. Əlbəttə, burada koronavirus pandemiyasının da müəyyən qədər təsirlərini qeyd edə bilərik. Ölkə daxilində virusa yoluxma sayında kəskin artım müşahidə olunur. Son vaxtlar Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyəyə qarşı sanksiya tətbiq edib. Bütün bunlar türk lirəsinin məzənnəsinə öz mənfi təsirini göstərir.

Amma lirə üzərində təzyiqlər artsa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun ölkə iqtisadiyyatına təsiri olmadığını açıqlamışdı. Türkiyə inkişaf etməkdə davam edir, ölkədə iqtisadi şaxələnmə proqnozlaşdırılır. Hesab edirəm ki, türk lirəsinin dollar və digər valyutalar qarşısında dəyərdən düşməsi müvəqqəti xarakter daşıyır”.

Lirə üzərində formalaşan təzyiqin Azərbaycan manatına təsirinə gəlincə, Vahid Əhmədov deyib ki, qonşu ölkələrin milli valyutaların dəyərdən düşməsi Azərbaycana da təsir göstərir: “Bu gün Azərbaycanın Türkiyə ilə çox ciddi siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə əlaqələri var. Azərbaycanla Türkiyə arasında idxal-ixrac əməliyyatlarının həcmi də kifayət qədər böyükdür. Amma hələlik manatın məzənnəsi stabildir. Çünki Azərbaycan neftinin qiymətində ciddi azalmalar yoxdur.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40 dollar civarındadır. Əlavə ehtiyatlarımız da var. Ölkəmiz müharibə şəraitindədir. Hesab edirəm ki, müharibə bitənə qədər manatın məzənnəsində ciddi problemin olmayacaq”.


Müəllif: Yeganə Oqtayqızı