18 İyul 2014 12:56

""Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarının həyata keçirdiyi Bakı-Xarkov dəmiryol reysi Ukraynadakı hərbi əməliyyatlar zonasından keçmir".

Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün Bakı-Xarkov reysinin marşrutunda dəyişiklik edilib: "Bakı-Xarkov reysləri normal rejimdə çalışır, lakin təhlükəsizlik sərnişin daşımalarının həyata keçirilməsində ən vacib məsələdir. Məhz ona görə Xarkov reysi üzrə hərəkət marşrutunda dəyişiklik edilib ki, bu da qatarların yay hərəkət qrafikində öz əksini tapıb".

Xarkov qatarı hər dörd gündən bir saat 21:50-də Bakıdan yola düşür.

Daşımaların təhlükəsizliyindən danışarkən Əzməmmədov qeyd edib ki, Dağıstan ərazisindəki dəmir yolunda bir sıra partlayışların baş verməsindən sonra Rusiya istiqamətində dəmiryol reyslərini qrafiki elə tərtib olunur ki, qatarlar Dağıstan ərazisindən gündüz saatlarında keçsin.

Dünən, iyulun 17-də Donetsk vilayətində göyərtəsində 295 nəfərin olduğu "Malaysia Airlines"-ə məxsus "Boeing 777" təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğramasının səbəblərindən biri kimi onun vurulması ehtimalı nəzərdən keçirilir.

Aprelin əvvəllərində federallaşmanı dəstəkləyən kütləvi çıxışlardan sonra Ukrayna hökuməti ölkənin cənub-şərqində xüsusi əməliyyatlara başlayıb. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumatına görə, əməliyyatların keçirilməsinə başlanandan Ukraynanın 200 hərbi qulluqçusu və hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub, 619 nəfər isə yaralanıb.

/trend/


Müəllif:
Загрузка...