12 Dekabr 2017 10:04
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı.

Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bldirib.

O qeyd edib ki, ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən ümummilli lider Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq müstəviyə çıxması istiqamətində məqsədyönlü işlər görürdü:

“Həmin dövrdə azərbaycanlı gənc alimlərin keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olunmuşdu ki, bu da kadr potensialının formalaşdırılması və inkişafı baxımından böyük əhəmiyyətə malik idi. Müxtəlif ixtisaslar üzrə kadrların Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin, Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən digər iri şəhərlərin ali tibb müəssisələrində təhsil almalarına, ixtisasartırma kurslarına getmələrinə, aspirantura və doktorantura xətti ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək elmi dərəcələrə yiyələnmələrinə geniş imkanlar yaratdı. Həmin kadrlar mütəxəssis kimi ölkəmizə qayıdıb fəaliyyətlərini davam etdirirdilər. Bu tədbirlər ardıcıl olaraq həyata keçirilir, respublikamızda uzaqgörənliklə müxtəlif profilli gənc tibbi kadrlar hazırlanır, səhiyyənin elmi və pedaqoji potensialı gücləndirilirdi. Bununla yanaşı, mövcud ali təhsil müəssisələrinin imkanları genişləndirilir, maddi-texniki bazası yaxşılaşdırılır, yeni səhiyyə ocaqları yaradılırdı. Ümummilli liderin rəhbərliyi altında qısa müddətdə ölkəmizdə yeni uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikintisi geniş vüsət aldı, XX əsrin 70-ci illərinin ilk beş ili ərzində 35 belə obyekt tikilib xəstələrin istifadəsinə, tibb personalının ixtiyarına verilmişdi. Tikilib istifadəyə verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb avadanlığı ilə təchiz olunaraq əhaliyə yüksək səviyyədə müvafiq tibbi xidmət göstərməyə başlamışdı”.

Ə.Əmiraslanov bildirib ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra da bəhs olunan sahələrin inkişafı istiqamətində məqsədyönlü və ardıcıl işlər davam etdirilib, mühüm inkişaf göstəriciləri qeydə alınıb.

Komitə sədri səhiyyə sahəsinə diqqətin müstəqillik illərində ulu öndər tərəfindən davam etdirildiyini vurğulayıb:

“Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılması ilə bu sahədə mühüm islahatlar həyata keçirildi, istər kadr hazırlığı, istər infrasruktur quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olundu, yeni səhiyyə müəssisələri istifadəyə verildi. Eyni zamanda, səhiyyə sahəsində ölkənin tədris müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti üçün əlverişli şərait yarandı. 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan ulu öndər 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olub, öz dəyərli tövsiyələrini verib. 1998-ci il 28 sentyabr tarixində ATU-da yeni tədris binasının açılışında olan ümummilli lider Heydər Əliyev 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gələrkən burada 500 yerlik akt zalının açılışında, eləcə də bu ali təhsil müəssisəsinin 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib. Tibb Universitetinə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi, ATU Qaradəniz hövzəsi ətrafı ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının əsası qoyulmuş oldu”.


Müəllif: Səxavət

Oxşar xəbərlər