Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələr Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.
Y.Mahmudov sözügedən məsələ ilə bağlı konkret faktların olduğunu söyləyib: “Həmin vaxt Azərbaycan Prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, Sahil bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Azərbaycan Prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Həmin ərəfədə Prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı olan şəxsin cəsədi yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq”.
Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı Komissarları güllələndikdən sonra Stepan Şaumyan 10 gün həbsxanada yatıb: “Bu faktdır. Biz jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan Prezidentinin xüsusi rolu var”.