Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov rəhbərlik etdiyi diplomatik nümayəndəliyin kollektivi ilə birlikdə Ankarada müalicə olunan yaralı hərbçilərimizə baş çəkib.
Teleqraf.com-un məlumatına görə, əsgərlərimizin sağlamlıq vəziyyəti, müalicələrinin təsiri barədə diplomatlarımıza məlumat verilib. Hərbçilərimizə Allahdan şəfa diləyən səfir F.Bağırov Vətənin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıq edib.
Qeyd edək ki, əsgərlərimiz Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Avropa İttifaqı üzrə nazir Mövlud Çavuşoğlu, Böyük Millət Məclisinin deputatı Şuay Alpay və digər rəsmilər, eləcə də ictimaiyyətin bütün təbəqələrini təmsil edən şəxslər tərəfindən də ziyarət olunublar.
Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi – Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.
Səxavət