11 İyun 2018 18:12
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır. Ölkədə müxtəlif mədəniyyətlərə, dinlərə və dini cərəyanlara mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları, eləcə də azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə geniş imkanlar yaradılmışdır. Tolerantlıq səviyyəsinin və multikultural nailiyyətlərinin göstəricisi olub gələcək inkişafı üçün də zəmin təşkil edən hazırkı milli-mədəni rəngarəngliyi Azərbaycanın ümumbəşəri dəyərlər xəzinəsinə misilsiz töhfələrindəndir.

Müstəqil Azərbaycan Respublikasının məhz xalqın həmin zəngin tarixi təcrübəsinə istinadən uğurla gerçəkləşdirdiyi dövlət–din münasibətləri konsepsiyasının doğruluğu və həyatiliyinin nəticəsidir ki, ölkədəki yüksək tolerantlıq mühiti dini icma və konfessiyaların birgə fəaliyyəti ilə bu gün də lazımınca qorunur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər