23 İyul 2018 14:36
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, "Scania" markalı həmin avtomobilə baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Bu səbəbdən avtomobilin kabinəsi əsaslı yoxlanılıb. Yoxlama nəticəsində 1 ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və 2 ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.

Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon məhlulu isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.


Müəllif: Teleqraf.com