Avqustun 6-da Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun adının Marneulidəki Mədəniyyət Evinə bərpası ilə bağlı rayon bələdiyyəsinə müraciət təqdim edilib. Lakin 1 aydan çox vaxt keçməsinə rəğmən naməlum səbəblərdən müraciətə baxılmayıb.
Bu barədə Teleqraf.com-a araşdırmaçı Kamran Ramazanlı məlumat verib.
Onun sözlərinə görə, bələdiyyədən məsələ ilə bağlı komissiyanın yaradılıdığı deyilsə də problemlə maraqlanmırlar:
“Hələ sovet dönəmində Marneulidə Nərminam Nərimanovun adına Mədəniyyət Evi və heykəl olub. 2003-cü ildə adın rəsmiləşdirilməsi ilə bağlı sakinlərdən Marneuli bələdiyyəsinə müraciət edildi. Həmin vaxt şəhər bələdiyyəsinin sədri İsrafil Bayramov idi. Müraciətdə bildirildi ki, Nərimanovun xidmətləri nəzərə alınmaqla, Mədəniyyət Evinə onun adı verilsin.
Bələdiyyənin iclasında qərar qəbul olundu, surəti mərkəzi hakimiyyət orqanlarına göndərildi. Təəssüf ki, mərkəzi hakimiyyət orqanlarından buna lazımi cavab verilmədi. Həmin qərar rəsmi dövlət orqanlarında qeydiyyatdan keçməyib, keçibsə də gizlədilir.
Mədəniyyət Evi hələ də qalır, amma ad müəmmalı şəkildə götürülüb. İyunun 15-də rayon sakinləri Marneulinin icra başçısı Zaur Tabatadzeyə müraciət etdilər ki, Nəriman Nərimanov adına Mədəniyyət Evində Ramazan bayramını qeyd etmək istəyirlər. Tabatadze isə şifahi şəkildə bildirdi ki, nə Nərirman Nərimanovu tanıyır, nə də rayonda onun adına Mədəniyyət Evi var. İcra hakimiyyətindən sakinlərə yazılı şəkildə edilmiş müraciətdə də bu fikirlər öz əksini tapır.
Sonradan fəal gənclər Marneuli Arxiv İdarəsinə, ASAN Xidmət və rayon bələdiyyəsinə müraciət etdilər. Həmin müraciətdən sonra ancaq İsrafil Bayramovun verdiyi qərarın sənədi üzə çıxdı. Yenə də müzakirələr getdi və adın götürülməsini bununla əsaslandırdılar ki, Nəriman Nərimanov kommunist olub.
Nərimanova kommunist kimi yanaşmaq doğru deyil. Çünki Nərimanov həm yazıçı, həm dövlət xadimi, həm həkimdir. O, Marneulinin Qızılhacılı kəndində müəllim kimi fəaliyyət göstərib. Kənddəki məktəb də 2003-cü ilədək Nəriman Nərimanovun adını daşıyıb. Eyni zamanda, o, Marneulidə həkim də işləyib. Yəni, Nərimanovun Marneuli qarşısında böyük xidmətləri var. Digər tərəfdən o, Gürcüstanda doğulub. Yəni, onun adının götürülməsi heç bir hüquq söykənmir.
Necə ola bilər ki, qaniçən Stepan Şaumyanın adına Marneuli rayonunda böyük bir qəsəbə var? İkili standart da elə burada yaranır. Qaniçən Şaumyanın adına qəsəbəni saxlayırlar, amma Nərimanova gələndə bəhanə gətirirlər. Ümumiyyətlə, Şaumyanın Marneuliyə hansı bağlılığının olduğunu başa düşə bilmirəm”.
Kamran Ramazanlı qeyd edib ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya xətti seçməsinə baxmayaraq, soydaşlarımızla bağlı bir sıra problemlər öz həllini tapmır: “Soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə olan kəndlərin adları gürcüləşdirilib. Bir nəfər xristian yaşamamasına baxmayaraq, həmin kəndlərdəki müsəlman qəbiristanlıqlarına xaç qoyurlar.
Nərimanovla bağlı məsələdə də ikili standart var. Hesab edirəm ki, Gürcüstanda milli kimliyimizi qorumaqla bağlı ciddi addımlar atılmalıdır”.