22-26 oktyabr 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilmişdir.
Teleqraf.com xəbər verir ki, çempionatın ilk üç günü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutmuşdur. Yarışda 150-ə yaxın idmançının təmsil olunduğu 13 komanda öz qüvvəsini sınamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olmuşdur. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ikinci yerə, üçüncü yerə isə FHN-in Akademiyasını məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandaları layiq görülmüşdür.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətindən danışmış, komandaları təbrik edərək onlara yeni-yeni uğurlar arzulamışdır.
Sonda qalib komandalara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olmuşdur.