19 Noyabr 2018 13:37
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Postsovet ölkələri arasında Belarusla Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə davamlı inkişafa meylli olması ilə seçilir. Prezident İlham Əliyev Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini hər zaman xüsusi olaraq diqqətə çatdırıb. Azəbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin ölkə prezidentləri səviyyəsində yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir:

“Həqiqətən Belarus və Azərbaycan demək olar ki, bütün sahələrdə – siyasi, iqtisadi, mədəni, enerji, hərbi – qarşılıqlı səmərəli əməkdaşlıq qura bilib. Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni trendlərinin axtarışındadırlar. İstər ənənəvi, istərsə də yeni əməkdaşlıq sahələrində qarşılıqlı səmərəliliyə nail olmaq üçün tərəflər konstruktiv təşəbbüslərlə çıxış edirlər. Təbii ki, bu da Belarus-Azərbaycan münasibətlərində ümumilikdə pozitiv tendensiyanın saxlanılımasını şərtləndirir”.

E.Aşırlı qeyd edib ki, xüsusilə son vaxtlar iki ölkə arasında hərbi sahədə əməkdaşlıq tendensiyaları genişlənməkdədir:

“Belə ki, Belarusdan “Polonez” əməliyyat-taktiki raket kompleksinin alınması iki ölkə arasında hərbi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir. Təbii ki, hazırkı dövrdə Belarus-Azərbaycan əlaqələrinin dinamik inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı bünövrəyə söykənir. Məhz Heydər Əliyev yeni müstəqil olmuş respublikalar arasında qarşılıqlı etimad və qarşılıqlı yardım mühitinin formalaşmasında həlledici addımlar atıb. Məhz belə siyasi iradənin nəticəsidir ki, bu gün Belarus-Azərbaycan münasibətləri özünün formalaşması mərhələsini çoxdan keçib”.

Prezident İlham Əliyevin hazırda Belarusda rəsmi səfərdə olduğunu qeyd edən E.Aşırlının sözlərinə görə, bu, artıq ondan xəbər verir ki, Azərbaycan və Belarus arasında prezidentlər səviyyəsində səfərlərin baş tutması, görüşlərin keçirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi tendensiyaya çevrilib:

“Belarus-Azərbaycan əlaqələrinin səciyyəvi xarakterini şərtləndirən məqam da əlaqələrin dinamik inkişaf etdirilməsi məsələsinin prezidentlər səviyyəsində nəzarətdə saxlanılmasından ibarətdir. Bu səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari, mədəni, diplomatik, hərbi sahədə yeni razılaşmaların əldə edilməsi gözləniləndir. Ələlxüsus, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni hərbi razılaşmaların əldə olunma ehtimalı yüksəkdir.

Cənab İlham Əliyevin Belarusa səfərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvəsindən sonra reallaşdırması da, zənnimcə, ayrı bir məna kəsb edir. Düşünürəm ki, dövlət başçımızın bu səfəri Astana zirvəsində Azərbaycanın maraqlarını müdafiə edən Lukaşenkoya təşəkkür və dəstək mahiyyətindədir. Təbii ki, cənab prezident belə bir səfəri reallaşdırmaqla Belarus nümayəndəsinin KTMT-nın baş katib vəzifəsinə gətirilməsinin tərəfdarı olduğunu bildirmiş olur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər