Təcavüzkar ölkənin baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan daha öncə növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kampaniyası üçün məzuniyyətə ehtiyac duymadığını desə də, bu gündən etibarən məzuniyyət götürüb və kampaniyaya start verib.
Teleqraf.com xəbər verir ki, o, məzuniyyət götürməsini təbliğat-təşviqat kampaniyasında “hərtərəfli iştirakını təmin edə bilməsi” ilə əsaslandırmağa çalışıb. Bu gün “Mənim addımım” blokunun qələbəsi üçün tərəfdarlarını yenidən küçələrə tökən N.Paşinyan Araqaçotn əyalətinin Talin şəhərindən kampaniyaya başlayıb. Paşinyan kampaniyanı Maralik və Gümrüdə davam etdirəcəklərini bildirib.
Lakin təbliğat-təşviqat kampaniyasında N.Paşinyanın çıxışını gülməli edən məqam onun “Mənim addımım” blokunun deputatlarına yox, özünə səs istəməsi olub. Baş nazir səlahiyyətlərinin icraçısı pafosdan da geri qalmayıb:
“Xalqın səsi ilə baş nazir olacağam və xalq mənə etibar etdiyi müddətdə bu postda qalacağam. Əvvəllər sizin səs verdiklərinizin əvəzinə başqaları seçilirdi. Buna görə də Ermənistanda inqilab oldu”.
O, çıxışı zamanı yenidən erməni xalqına şirin vədlər verib. Ancaq görünən odur ki, bu vədləri yerinə yetirmək o qədər də asan məsələ deyil. Həmin vədlərin Ermənistan reallıqları ilə ziddiyyət təşkil etdiyi aşkardır:
“2019-cu il Ermənistanda iqtisadi möcüzə ili olacaq. Əgər bütün işlər yaxşı getsə, gələn il iqtisadi inkişafda ani sıçrayış gözlənilir, iqtisadiyyatımızın strukturu dəyişəcək. Kiçik sahibkarlıq vergilərdən tam azad ediləcək, habelə taksi sürücüləri də vergilərdən azad olunacaqlar”.
Beləliklə, N.Paşinyanın ilk görüşdəncə təbliğat-təşviqat kampaniyasına yalan vədlərlə başladığını əminliklə söyləyə bilərik.