AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) çox ciddi bir layihənin əsasını qoyub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Berlin Humbolt Universitetinin professoru Klaudıa Luks MEK-in vikipediya sahəsində gördüyü işlərə münasibət bildirərkən deyib.
O bildirib ki, vikipediya ona bütün dünyanı açır: “Hesab edirəm ki, kitabxanalar vikipediya ilə işləməlidilər. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar var idi və informasiya əldə etmək üçün onlardan istifadə edirdik.
Bir məqalədə oxudum ki, vikipediyanın keyfiyyəti Britaniya ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır və ola bilər ki, onların hər birində müəyyən səhvlər olsun. Lakin vikipediyada digər insanların bu səhvləri redaktə etmək imkanı var. Nəticədə siz Britaniya ensiklopediyasından da daha çox məlumatı vikipediyadan əldə edirsiniz”.
Almaniyalı professor deyib ki, Azərbaycana gəlməzdən öncə vikipediyada Azərbaycanla bağlı bəzi məlumatlara nəzər yetirib və yeni biliklər əldə edib: “Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, vikipediya sahəsində Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir.
Mənim məqaləmi də vikipediyada yaratdıqlarına görə onlara minnətdaram.
Mərkəzi Elmi Kitabxananın (MEK) yaratdığı vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir. Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğunu görürəm və buna görə sizi yalnız təbrik edə bilərəm.
Mənim Azərbaycan dilində məqaləmin yaradıldığını görəndə çox təəccübləndim və bu ideyanın haradan gəldiyini, kimin bu məqaləni oxuyacağını və kimin buna ehtiyacı olacağını düşündüm.
Lakin siz bunu etdiniz, çünki əvvəllər vikipediyada mənim məqaləm yalnız alman dilində mövcud idi və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də məqaləm yaradılar.
MEK komandası mənim məqaləmi ingilis dilli vikipediyada da yaratdı. Bu, çox gözəldir və onu göstərir ki, MEK vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya vikipediya vasitəsilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur”.