15 May 2019 17:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb".

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Eyni zamanda təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur.

Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaq arası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız “təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir.

Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir", nazirlik rəsmisi əlavə edib.


Müəllif: Teleqraf.com