Qarabağa başçılıq edənlər bölgəni Moskvanın yardımı ilə Ermənistandan uzaqlaşdırırlar. Ermənilər təcili şəkildə bu qopma təhlükəsini görməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən silahlı Sasna Çrer partiyasının mətbuat katibi Vaxaqn Avaqyan deyib.
Avaqyan mövcud vəziyyətin Ermənistanın lehinə olduğunu və Azərbaycanın işğal edilmiş bölgəsinin sürətlə İrəvandan uzaqlaşdığını iddia edib.
Erməni mediası yazır ki, Qarabağda etiraz aksiyalarına başlayan Sasna Çrer tərəfdarları bölgədə yaşayan ermənilərə Rusiya təhlükəsi barədə xəbərdarlıq edir:
“Rusiya əleyhinə kəskin etirazların səsləndirildiyi aksiyalarda əsas məqsəd Ermənistan və bölgədəki anti-Rusiya ab-havasını genişləndirməkdir. Abxaziya və Cənubi Osetiyanı Qarabağ ermənilərinə nümunə göstərən Sasna Çrer rəhbərliyi iddia edir ki, Rusiyanın əsas məqsədi Qarabağın Ermənistana birləşdirilməsinin qarşısını almaqdır.
Digər yandan, Sasna Çrer tanınmamış “DQR”i “Ermənistan ərazisi” elan edir və bununla Azərbaycana müharibəyə başlaması üçün şərait yaradır. İndiki məqamda isə Ermənistan və Azərbaycan arasında danışıqlar davam edir. Belə bir situasiyada Qarabağı Ermənistana birləşdirmək cəhdləri ATƏT-in Minsk qrupu və rəsmi Bakı tərəfindən danışıqları baltalamaq cəhdi kimi qiymətləndiriləcək”.
Məlumatda qeyd edilib ki, Sasna Çrer Ermənistandakı inqilabın Qarabağa keçdiyini elan edib və bu, qorxunc nəticələrə yol aça bilər:
“Yəni, Qarabağın birdəfəlik itirilməsi kimi nəticəsini dəyişmək mümkün olmayan vəziyyətə gətirib çıxara bilər. Heç Qarabağdakı ermənilər də, Ermənistana birləşmək istəmir, digər tərəfdən isə Sasna Çrerin başladığı kampaniya Rusiya-Ermənistan münasibətlərini də zədələyə bilər. Rusiyanın Ermənistana verdiyi dəstəyi dayandırmasının hansı nəticəyə gələcəyini isə Sasna Çrer rəhbərliyi də bilməmiş deyil”.