Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova ərinin həbs olunmasına münasibət bildirib.
İ.Sultanova Publika.az-a açıqlamasında deyib ki, Şahin Sultanovun vəziyyəti qənaət-bəxş deyil: “Tutub saxlayıblar, ancaq deməyə heç bir faktları yoxdur. Şahin heç özü də başa düşmür ki, nə baş verir. İnanın ki, araşdırma aparılıb, hər şey təmizdir. Mən özüm də soruşuram ki, Şahin,nə olub? Deyir ki, özüm də hələ bilmirəm ki, məndən nə istəyirlər. Bütün sənədlərim təmizdir. Özümü güclə saxlamışam, hər gün ağlayıram. Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər. İki övladım var, neçə gündür ki, atalarının üzünə həsrətdirlər. Allah heç bir anaya, heç bir qadına bu cür günləri göstərməsin. Şahin buna layiq deyil idi. Heç özümüz də bilmədik ki, niyə belə oldu. Elə bil göydən yekə bir daş düşdü. Ayın 1-də Səfər müəllim işdən çıxarıldı, ayın 22-dən sonra isə Şahinə qarşı hücumlar başladı. Şahinə şiddətli töhmət yazdılar ki, niyə sən yeni gəmilər almamısan və pulları dağıtmısan. İnanın ki, Şahin elə adam olmayıb. Dırnağı ilə əziyyət çəkə-çəkə bu vəzifəyə yüksəlib. Hətta, Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdi. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, biz gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər. Qurban olum prezidentimizə ki, Vladimir Putin bura gələndə o da gəlib hər şeyi gözləri ilə gördü. Şükürlər olsun ki, Şahin onların üzünü ağ etdi. Ancaq ayın 22-dən sonra kimlərsə yoldaşıma dedilər ki, daha sən bizə lazım deyilsən. Hərbi limanın tikintisinə baxış keçirəndə Şahin yeni müdafiə naziri Zakir Həsənova dedi ki, mənim işlərim qalıb, çağıran yoxdur və sairə. Zakir Həsənov isə ona dedi ki, sən hələ gözlə, qoy prokurorluq işlərini yekunlaşdırsın, sonra çağıracam. Ayın 22-dən bəri heç kəs Şahini dinləmədi”.
İ.Sultanova hazırda çox çətin günlər yaşadığını söyləyib: “Yoldaşım tutulandan sonra mən Şahinlə yaxşı münasibətləri olan bir çox dövlət məmuruna və generallara zəng etmişəm. Hamısı da Şahindən razılıq edirlər. Onlar da Şahinin həbsinə çox təəccüblənir. Şahini bir nəfər kimdirsə, həmin o adam şərləyib. Mən Etibar Pirverdiyevlə də telefonla danışmışam. O mənə dedi ki, ürəyini buz kimi saxla, bizim işdə hər şey tər-təmizdir. Mən hələ də inanmıram ki, kimsə Şahinə qarşı çıxsın. Ancaq Şahinə qarşı bütün bunları edən adam kimi mən bir nəfərdən şübhələnirəm. Xahiş edirəm Cənab Prezidentimizdən və hörmətli Mehriban xanımdan. Şahin Ümummili liderimiz rəhmətlik Heydər Əliyevin kadrı olub. Hər zaman ona sadiq olub və heç bir zaman onun adına xələl gətirəcək addım atmaz. Onlardan bu məsələdə kömək istəyirəm. Bizə kömək olsunlar. Mən artıq bu cür dözə bilmirəm”.
İ.Sultanova deyib ki, hazırda Şahin Sultanovla oğlu görüşür və ona baş çəkir: “Şahinə vəkil də tutulub. Adəm Məmmədov onun vəkilidir. Yaxın günlərdə isə bu məsələ ilə bağlı mətbuat konfransı keçirilməsi planlaşdırılır. Mətbuat konfransında da Cənab Prezidentə açıq məktubla müraciət olunacaq”.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov aprelin 23-də tutulub. Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.