13 Sentyabr 2019 00:02
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda dəyirmi masanın təşkil olunması son dərəcə əhəmiyyətli bir hadisədir. İqtidar və müxalifət partiyalarının bir araya gəlməsi, ölkənin problemlərini birgə müzakirə etməsi normal siyasi münasibətlər üçün arzulanan haldır. Düşünürəm ki, bu, ölkədə demokratiya və siyasi mədəniyyət nümunəsi kimi də çox mühüm addım oldu. İndi hamını bu müzakirələrin davamlı olması maraqlandırır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ötən gün Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən dəyirmi masa barədə danışarkən deyib. Politoloq sözügedən tədbirin dövlətçilik ənənələrinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb etdiyini deyib:

“Dəyirmi masada kifayət qədər maraqlı müzakirələr oldu. Biz iqtidar partiyasının səlahiyyətlilərinin öz ünvanlarına səslənən ən kəskin, radikal çıxışları, hətta hakimiyyətin layiq olmadığı tənqidləri belə qarşı tərəfin sözünü kəsmədən son dərəcə təmkinlə dinlədiklərini və onlara siyasi etika çərçivəsində cavab verdiklərini müşahidə etdik. Bu, həm də bir siyasi mədəniyyət nümunəsi kimi diqqət çəkdi”.

Sosial şəbəkələrdə söyüş və təhqir kampaniyasının geniş vüsət aldığı bir məqamda siyasi prosesləri məhz dialoq və müzakirələr istiqamətinə yönəltməyin vacib olduğunu qeyd edən A.Camalqızı bir xüsusi məqama da toxunub. Politoloq bildirib ki, xüsusilə belə müzakirələrdə sui-istifadə və beynəlxalq hüquqdan “misal” gətirməklə, radikallığa bəraət qazandırma cəhdlərinə son verilməlidir:

“Hər bir siyasətçi sözünün məsuliyyətini anlamalı, populizmdən uzaq olmalıdır və nəzərə almalıdır ki, dediyi söz mütləq araşdırılacaq. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun BMT Nizamnaməsində insanların üsyan etmək hüququnun olduğu haqda fikri diqqət çəkməyə bilməzdi. Sərdar Cəlaloğlu dedi ki, BMT nizamnaməsinin 26-cı maddəsində qeyd olunur ki, öz istedad və qabiliyyətlərini inkişaf etdirə bilməyən insanların hakimiyyətə qarşı “üsyan etmək hüququ” var. Əlbəttə, BAXCP sədri Qüdrət Həsənquliyev buna dərhal reaksiya verdi və hamıya da bəllidir ki, “üsyan hüququ” ola bilməz. Çünki bu iddia BMT-nin fəlsəfəsi, onun təməl prinsipləri ilə daban-dabana ziddir. Hər kəsə bəllidir ki, BMT hər hansı bir zorakılığa, aqressiyaya qarşı olan təşkilatdır. S.Cəlaloğlunun dediklərinin əksinə, BMT millətlərin və dövlətlərin həmrəyliyini, dinc birgəyaşayışını təmin etmək üçün yaradılmış bir təşkilatdır. BMT Nizamnaməsində ümumiyyətlə 26-cı maddə insan hüquqları ilə bağlı deyil, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində isə yalnız təhsil hüququna toxunulur. Yəni Sərdar Cəlaloğlunun öz absurdu üçün “istinad” etdiyi mənbələrdə tamamilə fərqli məsələlər əksini tapıb. Bir kəlmə ilə desək, bu biabırçılıqdır.

Maraqlı olacağını nəzərə alaraq, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin “istinad edilən” maddəsinə baxın:

Maddə 26:

1. Hər bir insan təhsil almaq hüququna malikdir.

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir.

3. Valideynlər öz kiçik yaşlı uşaqları üçün təhsil növlərini seçməkdə prioritet hüquqa malikdirlər”.

Göründüyü kimi, burada Sərdar Cəlaloğlunun iddia etdiyi “üsyan hüququ”ndan söhbət açılmır və təbii ki, belə də olmalıdır. Çünki üsyan və qiyam beynəlxalq hüquqda qəbul olunmayan ifadələrdir. Hətta fikir versək, görərik ki, hər hansı bir ölkədə silahlı qarşıdurma baş verəndə, BMT həmin dövlətin iqtidarını və orada hakimiyyətə qarşı çıxan qüvvələri problemin həllinə dinc yolla, dialoqla nail olmağa çağırır. BMT dövlətləri və xalqları sülhə və dialoqa çağırır. Bunun başqa alternativi ola bilməz. Təsadüfi deyil ki, elə həmin tədbirdə BAXCP sədri Qüdrət Həsənquliyev Sərdar Cəlaloglunun “üsyanetmə” çağırışını ekstremist yanaşma adlandırdı. Çünki bu tip çağırışlar cəmiyyətə yalnız neqativ mesajların ötürülməsi deməkdir. Sabitlik və təhlükəsizlik isə yalnız iqtidarın məsələsi deyil. Hər bir vətəndaş bu məsələyə dövlətçilik prizmasından yanaşmalıdır, o cümlədən müxalifət partiyalarının liderləri də. Təəssüf ki, bizdəki bəzi müxalifət partiyalarının rəhbərləri öz məsuliyyətlərinin fərqində deyillər”.

Politoloq iqtidar-müxalifət dialoqunun davamlı olması üçün bu tip – heç bir hüquqa, siyasi etik çərçivəyə sığmayan bəyanatlardan çəkinmək lazım gəldiyini vurğulayıb:

“Müxalifət özü intellektdə, dünyagörüşdə fərqlənməyə çalışmalıdır ki, iqtidar nümuyəndələri də bu intellektlərlə görüşdə maraqlı olsunlar. Bir anlıq təsəvvür edin: Yalançı “məntiqi” üçün BMT Nizamnaməsini şərləyən siyasi liderlə hansı məsələnin müzakirəsini aparmaq olar? İqtidar bu cür təfəkkür sahibləri ilə nə deyib növbəti dəfə bir araya gəlmək istəyər?

Və yaxud, efirlərə buraxılmamalarından şikayətlənirlər. Bu məntiq və savadla, qanunsuz çağırışlara absurd “əsaslandırma” cəhdi ilə hansı media qurumu onları efirə buraxar?

Ona görə də hesab edirəm ki, müxalifətin təmsilçiləri daha intellektli yanaşmada maraqlı olmalıdırlar ki, həm iqtidarın, həm də onları dinləyənlərin diqqətini cəlb edə bilsinlər, nəinki özlərini rüsvay etsinlər”.

A.Camalqızı iqtidar-müxalifət müzakirəsinə xarici təşkilat nümyəndələrinin dəvət olunması təklifini ziddiyyətli adlandırıb:

“Hesab edirəm ki, bu, müzakirənin mövzusu ilə daban-dabana zidd olardı. Əgər biz siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi məsələsini müzakirə ediriksə, deməli, bu tamamilə bizim daxili işimizdir. Belə tədbirlərə hansısa xarici ölkələrin səfirliklərinin, diplomatik korpuslarının və yaxud da hansısa beynəlxalq təşkilatların nümayəndələrini dəvət etməyə xüsusi lüzum görmürəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər