"Sərhədlərin bağlı qalması müddətinin uzadılması hələ ki məlum deyil. Vətəndaşlar sərhəddən toplu şəkildə keçirilərək karantinə alınırlar".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Karantində olan 500-ə yaxın şəxs cənub zonasının vətəndaşlarıdır. Paytaxt sakinlərindən heç kim nəzarətə alınmayıb.Tibb personalı qoruyucu geyim və vasitələrlə təmin olunub".
Yeganə Qarayeva qeyd edib ki, virus yeni olduğu üçün öncədən hazırlanan diaqnostik testi yox idi: "Ölkəmiz həmin testləri almağa başlayıb. Bu testlər yalnız Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təyin olunmuş laboratoriyalarda aparıla bilər. Hazırda testlərin istehsalına başlanılıb. Ölkə olaraq bu testlərin keçirilməsində çətinlik olacağını düşünmürük".
Ölkənin baş infeksionisti Cəlal İsayev apteklərdəki çatışmazlıqlardan danışıb: "Mən aptekdən spirt və maska almışam. Bəzən vasitələrin olmaması halları mümkündür, bu o demək deyil ki, apteklər bu vasitələrlə təmin olunmurlar.
TƏBİB yalnız xəstəxanaları gigiyenik vasitələrlə təmin edir. Lakin apteklərdə vasitələrin çatımazlığı müzakirə olunub, ciddi qərarlar qəbul olunub və tədbirlər hazırlanır".
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın sözlərinə görə, virus daşıyıcısı olacaqlarından narahatlıq keçirən vətəndaşlar müraciət etməkdən çəkinirlər: "Operativ qərargah 24 saat fəaliyyət göstərir və vətəndaşların suallarını cavablandırılır.
Səhiyyə nazirliyi tərəfindən xüsusi suallar hazırlanaraq xəstəxana və poliklinikalara paylanılıb. Müraciət edən vətəndaşlara bu suallar verir. Cavablar əsasında müraciət edənin xəstə olub-olmadığı müəyyənləşdirilir və müayinə olunur".
***
12:37
"Karantin şöbəsində vətəndaşlar iki qrupa bölünür: xəstəlikdə şübhəli bilinənlər və xaricdən gəldiyi üçün karantinə alınanlar".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Biz heç kimi xaricdən gətirib karanatinə almırıq. Yalnız xəstəlik əlamətləri olanlar nəzarət altına götürülür".
Yeganə Qarayeva bildirib ki, koronavirus ətraf mühitə davamlı virus deyil: "Buna görə də əşyalar vasitəsilə yayılmır. Lakin insanlar şəxsi gigiyena qaydalarına əməl etməlidirlər".
***
12:30
"Biz sosial şəbəkələri izləyirik. Görüntülərdəki neqativ hallar karantin tədbirlərinin yeni keçirilməyə başladəğı günlərdə qeyd olunub".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"TƏBİB təşkilat olaraq xəstəxanalarda aparılacaq tədbirlərlə bağlı planlar hazırlayıb. Xəstəxanalara gigiyenik, dezinfeksiyaedici vasitələr göndərilib. Biz vətəndaşların şikayətlərini nəzərə alırıq. Ölkəyə virusun daxil olmasında qabaqlayıcı tədbirlər əsasdır. Xahiş edirik ki, vətəndaşlar da bizə kömək etsinlər".
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib ki, sosial şəbəkələrdə ajiotaj doğuran məlumatları paylaşanlara hüquqi müstəvidə cavab veriləcək:
"Koronavirusla bağlı fakt aşkarlandıqda operativ qərargah məlumat yayacaq. Xahiş olunur, vətəndaşlar qeyri-rəsmi yayılan yalan məlumatlara inanmasınlar".
***
12:26
"Hazırda respublikada 3 nəfər koronavirus daşıyıcısı var. Vəziyyətləri stabildir. Həkim nəzarəti altındadırlar".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqdə deyib:
"29 Fevral tarixindən İranla sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olundu. İrandan Azərbaycana keçmək istəyənlər isəTehran səfirliyinin baş konsulluğu vasitəsilə ölkəyə daxil olurlar. Onların bütün marşrutları karantin olunan sahəyə qədər planlaşdırılıb".
Yeganə Qarayeva qeyd edib ki, karantində olan şəxslərdən laborator diaqnostika nümunələri alınır: "Kovid-19 yeni virus olduğu üçün, laborator nümunələri yenidir. Bu virusun diaqnostikası sadəcə operativ qərargah tərəfindən təyin olunmuş laboratoriyada ola bilər.
Hazırda 500 nəfər karantində müşahidə altındadır. Onlardan hazırda diaqnostika üçün nümunələr götürülüb.
Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır".