Adətən münaqişə tərəfləri arasında sülhməramlıların yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilir. Beynəlxalq aləmdə onlara "mavi beretlilər" də deyirlər.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, sülhməramlıların statusu BMT nizamnaməsindən irəli gələn prinsiplərə əsalanır:
“Sülhəmamlı qüvvələrin yerləşdirlməsi tərəflərin razılığı əsasında olmalıdır. Sülhməramlılar qərəzsiz və neytral olmalıdır. Sülhməramlılar yalnız özümnümüdafiə məqsədi ilə güc tətbiq etməlidir, yəni silahdan istifadə etməlidir.
Hazırda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan da yuxarıdakı prinsiplərə əsaslanmaqla sülhməramlı qüvvələrin yerlədirilməsi halları mövcuddur.
İkitərəfli razılaşma və ya çoxtərəfli razılaşmalar əsasında münaqişə edən tərəflərin arasında üçüncü ölkələrin ayırıcı qüvvələri yerləşdirilir. Bu qüvvələr sülhməramlı adlanır. Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında mövcud razılaşmanın öhdəliklərini icra etməkdir.
İndiki halda Rusiya hərbiçilərinin keçmiş Dağlıq Qarabağ vilayəti ərazisinin bir hissəsində və eni 5 km olan Laçın dəhlizi adlanan ərazidə yerləşdirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşma əsasındadır. Onların mandatı BMT sülhməramlılarının mandatından kənara çıxmır, eyni funksiyalardır. Erməni sakinlərinin yerləşdiriləcəyi ərazilər boyu postlar yaradılacaq. Yaradılan postlar əslində erməni əhalinin təhlükəsizliyinə təminat verilir. Doğrudur, Azərbaycan dövləti, Azərbaycan Prezidenti İlham Əliyev özü bu təminatı vermişdi. Amma üçtərəfli razılaşmaya görə bu qüvvələr orada yerləşdirilir. Onların missiyası bu olacaq".
İstənilən mandat altında olan sülhmərmahlıların heç bir halda silahlı münaqişələrə qoşulmamalı olduğunu deyən hüquq müdafiəçisi qeyd edib ki, onlar tərəflər arasında ayırıcı mövqe tutmalıdırlar: "Sülhməramlılar silah və texnikadan yalnız onlara qarşı hücum olarkən istifadə etmək hüququna malikdirlər. Sülhməramlılarlar elə yerləşdirilir ki, tərəflər arasında münaqişəyə yol verilməsin. Bağlanmış müqaviləyə görə, sərhədlənmiş zonadaerməni silahlıları olmamalıdır. O ki, qaldı belə missiya yerinə yetirən hərbiçilərin silahdan istifadə etməsinə, onlar elə yerlşdirilir ki, qarşı duran tərəflərdən biri provokasiya etdikdə qarşılarında missiya yerinə yetirən hərbiçilər olur.Provokasiyanın baş verməsi üçün əvvəlcə bu qüvvələr dəf edilməlidir. Bu isə missiyaya hücum deməkdir, belə halda isə missiyanı yerinə yetirən qüvvələr müdafiə olunmalıdır. Qeyd etdiyim kimi ərazilərdə ermənilərin heç bir silahlı birləşməsi qalmamalıdır. Amma onlardan kimlərsə qanunsuz olaraq silahlanıb məsələn, Şuşa ətrafında yerləşən Azərbaycan ordusuna hücum etmək istəsələr qarşılarında rus hərbiçiləri olmalıdır. Bu halda missiya yerinə yetirən hərbiçilər hücum edən tərəfə silah işlədə bilər. Nəzərə alaq ki, həm Rusiya, həm Azərbaycan, həm də Türkiyə müasir texnologiyalar əsasında müvafiq müşahidə aparacaqlar".
Sahib Məmmədov bildirib ki, Qarabağda yerləşdirilən sülhməramlıların xərclərini heç bir halda Azərbaycan dövləti ödəməyəcək: "Rusiya dövləti xərcləri öz üzərinə götürüb. Hətta bəzi rus iqtisadçıları minimal hesablamalar aparıblar. Belə ki, hərbi texnika və daşınma xərcləri sayılmasa, hərbçilərin illik əmək haqqı, təchizat xərclərinə təxminən 4,2-4,5 milyard rubl xərc tələb olunur. Yəni hərbi qoşun birləşmələri kimə məxsusdursa, xərci də o ödəyir".
Qeyd edək ki, Dağlıq Qarabağa yerləşdirilən kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.