29 Oktyabr 12:20
3 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı çox pozitivdirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Nəşr bildirir ki, İrəvanda sülh atmosferi Paşinyanın Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra daha da qızışıb:

“BRİKS-in Kazan sammitindən sonra İrəvana qayıdan Paşinyan və hökumət üzvləri oktyabrın 25-də axşam saatlarında parlamentə tələsərək, komanda ilə baş verənlər barədə təəssüratlarını bölüşüblər. Hakim partiyadan deyilənə görə, Paşinyan və Mirzoyan çox həvəsli görünür, son gəlişmələrdən çox təsirləniblər.

Paşinyan həvəslə bəyan edib ki, həm Rusiya, həm də Qərb vasitəçilik üçün əllərindən gələni eləsə də, sonda ikitərəfli format üzərində dayanılıb. Onun fikrincə, ikitərəfli format artıq heç bir üçüncü tərəfə öz maraqları əsasında danışıqları ləngitməyə imkan verməyəcək.

Paşinyan söyləyib ki, Əliyevlə bir sıra məsələlərlə bağlı mühüm müzakirələr aparıb, xüsusən də kommunikasiyaların (Zəngəzur dəhlizi) açılması ilə əlaqədar. Həm Paşinyan, həm də Mirzoyanı ən çox həyəcanlandıran yük daşımalarının bərpası məsələsidir. Onlar hakim partiya üzvlərini əmin ediblər ki, bu baş verərsə, Ermənistan yaxın gələcəkdə iqtisadi cəhətdən çiçəklənəcək və insanlar bundan razı və xoşbəxt olacaqlar. Vurğulanıb ki, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu ilə (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) yükdaşımalara başlanılması üçün ilkin razılıq əldə olunub”.

“Hraparak” xatırladır ki, Ermənistan baş naziri Kazanda Azərbaycan lideri ilə sülh müqaviləsi və sərhədlərin delimitasiya-demarkasiyasını da müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər