Dövlətqaçqınkom xəbərdarlıq etdi: Aldadan məcburi köçkünlər də cinayət məsuliyyətinə cəlb olunacaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edib.
Teleqraf.com-un məlumatına görə, xəbərdarlıqda bildirlir ki, ölkə prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 87 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, 42 min ailə -220 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərin yeni mənzillərə köçürülmə prosesi Dövlətqaçqınkomun, əraziləri işğal olunmuş və məskunlaşma rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələrindən ibarət xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir.
Əvvəllər Komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlər xəbərdarlıq edilməsinə baxmayaraq son günlər Bakı şəhər rayonlarında yenidən bu cür hallar baş verib, Komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər tərəfindən saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qurup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan kifayət qədər vəsait mənimsəyiblər.
Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və həmin cinayətkar qurupun cəzalandırılması üçün Komitədən köməklik göstərilməsini xahiş etmişdilər.
Dövlətqaçqınkom bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Dövlətqaçqınkom bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.
Qeyd edək ki, Bakıda Dövlətqaçqınkomun adından sui-istifadə edən Vüsalə Saleh qızı Mirzəyevanın dələduzluq əməlləri ifşa olunub. Belə ki, Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri Müşfiqabad qəsəbə sakini Fatma Səfəralı qızı Cabbarova Dövlətqaçqınkoma ərizə ilə müraciət edərək V.Mirzəyevanın dələduzluq əməlindən şikayət edib.
F.Cabbarova ərizəsində göstərib ki, keçən il təsadüfən tanış olduğu V.Mirzəyeva özünü Cəbrayıl rayon icra hakimiyyətinin işçisi kimi təqdim edərək məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil düzəldə biləcəyini bildirib.
F.Cabbarova rəfiqəsinin də mənzilə ehtiyacı olduğunu söyləyib və rəfiqəsi ilə danışıb ona cavab verəcəyini qeyd edib. Bir müddətdən sonra F.Cabbarova daha bir neçə nəfərlə “Qızıl tac” restoranının yanına gələrək onları Vüsalə ilə görüşdürüb. Razılıq əldə olunduqdan sonra V.Mirzəyeva müxtəlif vaxtlarda onlardan ümumilikdə 182 min manat alaraq onlara mənzil vəd edib.
Faktla bağlı hüquq-mühafizə orqanları hərəkətə keçib.
NİGAR