Bu gün Azərbaycanın xaricdəki səfirliklərində Xocalı faciəsinin qurbanlarının xatirəsinə dövlət bayraqları endiriləcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Yaponiya və Malayziyadakı diplomatik nümayəndəliklərində artıq bayraqlar endirilib.
Səfirlik əməkdaşları həmçinin Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatverici aksiyalar da keçiriblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.