Ötən həftə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Şuşaya “İskəndər M” raketlərinin atılması ilə bağlı təkzibolunmaz faktları ortaya qoyması qarşılığında Azərbaycan ictimaiyyəti Rusiyadan cavab gözləməkdədir. Məsələnin maraqlı məqamı ondan ibarətdir ki, müharibə zamanı Ermənistanın “İskəndər” raketləri atmasını həm ölkənin Baş naziri Nikol Paşinyan, həm üçüncü prezidenti Serj Sərkisyan, həm də Müdafiə Nazirliyinin bir çox generalları artıq faktiki olaraq təsdiq ediblər. Onların bəziləri raketlərin atıldığını bildiriblər. Hara atıldığını bildirməsələr də, bu onu deməyə əsas verir ki, burada bir sıra vacib məqamlar var. Rusiya məhz həmin məqamları açıqlamaq istəmir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Ermənistan “İskəndər” raketlərindən istifadə etdiyini bildirir, Rusiya isə susqunluq nümayiş etdirirsə, bu artıq rəsmi Moskvanın bu işdə çox ciddi şəkildə izinin olduğunun göstəricisidir:
“Təbii ki, biz Böyük Britaniyanın “The Middle East” qəzetində “İskəndər M” raketlərindən birinin müharibənin son günlərində hətta Bakıya atıldığı yazısı ilə tanışıq. Həmin yazıda bildirilirdi ki, Bakı ətrafına atılan bu raketləri “Barak-4” İsrail müdafiə sistemləri dəf edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycana qarşı erməni məsələsi adı altında bəzi ölkələrdəki müəyyən qruplar fəaliyyət göstərirdilər. Biz onların ötən həftə Şuşa ilə, Qarabağla bağlı absurd fikirlər səsləndirdiyinin, eyni zamanda onların hansısa yollarla Xankəndinə keçməsinin də şahidi olduq. Bütün bunlar onu göstərir ki, post-müharibə dövründə bir sıra çağırışlar var və Azərbaycan dövləti bu çağırışlar qarşısında öz maraqlarının qorunması üçün bu günədək etdiyi kimi bundan sonra da əlindən gələni edəcək”.
Zaur Məmmədov qeyd edib ki, digər tərəfdən “İskəndər M” raketlərinin partlamaması əslində biabırçı bir hadisədir:
“Düşünürəm ki, bu fakt Rusiya müdafiə sənayesinin öyündüyü bəzi silahların hansı vəziyyətdə olduğunun daha bir göstəricisidir”.
Politoloq bildirib ki, “İskəndər M”lərlə bağlı məsələ ətrafında artıq xeyli vaxtdır müzakirələrin aparılmasına baxmayaraq Rusiya tərəfi hələ də məsələyə rəsmi şəkildə münasibət bildirməyib:
“Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması məsələyə aydınlıq gətirmir. Yalnız mediada məsələnin nəzarətə götürülməsi və araşdırmaya başlanması barədə məlumatların getməsi Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Düşünürəm ki, Rusiyanın müvafiq dövlət qurumlarının – Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycandakı səfirliyinin məsələyə qənaətbəxş münasibət bildirməsi zəruridir. Ermənistanın “İskəndər”lərdən istifadə edilməsini müxtəlif səviyyələrdə faktiki olaraq təsdiq etməsi fonunda Rusiya tərəfindən məsələnin şərh edilməməsi bu işdə ciddi şəkildə “şimal”ın izini görə biləcəyimizdən xəbər verir. Bizi maraqlandıran odur ki, “İskəndər M” Azərbaycana necə atılıb? Əgər Ermənistan ordusu tərəfindən atılıbsa, onlar “İskəndər M”i necə əldə edib? Biz bu suala cavab tapmağa çalışırıq. Bu suala cavabın tapılmaması isə Ermənistan ordusunun “İskəndər M” raketləri əldə etməsi ilə bağlı əslində bir çox qaranlıq məqamları üzə çıxarır. Bununla bağlı Azərbaycan tərəfində yəqin ki, çox tutarlı məlumatlar var. Sadəcə olaraq biz indiki halda Moskvanın bu məsələyə reaksiya bildirməsini gözləyirik. Mən düşünürəm ki, Rusiya rəsmi şəkildə bu məsələyə münasibət bildirməlidir. Çünki bunlar kifayət qədər dağıdıcı gücə malik raketlərdir. Onların istifadəsi müharibə qanunlarını pozur. Rusiyanın susqunluq nümayiş etdirməsi günahı daha çox şəkildə boynuna almağa bənzəyir”.