15 Aprel 2021 11:05
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycan bir dövlət olaraq yalnız inkişaf yolunu tutaraq, öz ali məqsədləri üçün etibarlı münbit yaratmaq üçün bütün imkanları səfərbər edib. Ümummilli lider Heydər Əliyev XX əsri 90-cı illərində xilaskarlıq missiyasını yerinə yetirdi. cənab İlham Əliyev isə XXI əsrin ilk illərindən bu günümüzə qədər Azərbaycanın suveren hüquqların təmin edən, ərazi bütövlüyünü bərpa edən müzəffər sərkərdə oldu.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O bildirib ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edən cənab İlham Əliyev demişdi:

""Əgər xalq etimad göstərərsə, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm". Ölkə başçı İlham Əliyev ötən bu illər ərzində bütün fəaliyyətini xalqımızın rifahına, dövlətimizin, iqtisadiyyatımızın, ordumuzun güclənməsinə həsr etdi. Hərbi Qənimətlər Parkının açılışında tarixi çıxış edən cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxundu və 18 ilə yaxın hakimiyyəti zamanı görülən işlərin hesabatını verdi, gələcək planları səsləndirdi. Bu gün biz Vətən müharibəsində əldə olunmuş Qələbə ilə fəxr edirik. Ancaq bu Qələbəni təmin edən hüquqi, siyasi baza olmalı, müstəqil iqtisadi imkanlar yaradılmalı, güclü, nizamlı Ordu qurulmalı idi. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına uyğun, onun ərazi bütövlüyünü, suveren hüquqlarını tanıyan önəmli qərarlar və qətnamələr qəbul edildi. 44 günlük müharibə zamanı bu sənədlər əsas hüquqi və siyasi istinad sənədləri oldu. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti fakt qarşısında qalaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bu olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki məlum təşəbbüsü nəticə verə bilərdi”.

Professor qeyd edib ki, 2018-ci ildə növbəti dəfə xalq cənab İlham Əliyevə etimad göstərdi və böyük səs çoxluğu ilə prezident seçildi:

“Ötən 3 il bir çox məsələlərlə yadda qaldı. Sosial, iqtisadi, siyasi, idarəetmə sahəsində aparılan islahatlar Azərbaycan vətəndaşının həyat tərzinin yüksəlməsinə, dövlətimizin iqtisadi və siyasi dayaqlarının daha da güclənməsinə, daxili sabitliyin qorunmasına xidmət etdi. Korrupsiyaya qarşı mübarizə gücləndirildi, regionların inkişafına xüsusi diqqət artırıldı, ciddi kadr dəyişklikləri ilə idarəetmə daha da mükəməlləşdirildi. Xüsusilə gənc kadrların irəli çəkilməsi bu sahədə inqilabi dəyişiklik oldu və müsbət nəticələr göz qarşısındadır. Parlament seçkiləri keçirildi və bu sahədə də islahatlar öz bəhrəsini verməkdədir. Hazırda ölkədə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşıb. Son üç ilin ən yadda qalan hadisəsi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsi oldu. Ölkə başçısı 44 günlük müharibə ilə öz üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan, heç bir təzyiqə, təhdidə baxmayaraq həm sərkərdə, həm siyasətçi, dövlət başçısı kimi mübarizə apardı. 44 gün ərzində ölkə başçısının verdiyi müsahibələri təhlil etsək, görərik ki, bu, sözün əsl mənasında mübarizə idi. Və cənab İlham Əliyev bu mübarizədən, müharibədən qalib çıxdı. Prezidentin mahir diplomatiyası, qətiyyəti, siyasi iradəsi, əksər ölkə başçıları üçün örnək olan liderlik qabiliyyəti sonda Azərbaycanı beynəlxalq arenada sayılan dövlətlərdən birinə çevirdi”.

Millət vəkili bütün bunların fonunda Azərbaycanı dünyanı əhatə edən koronavirus infeksiyasına, pandemiyaya qarşı mübarizədə seçilən ölkələrdən biri kimi xarakterizə edib:

“Ötən il pandemiya şəraitində qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadi müvazinətini əzmlə qorudu. Ölkəmizdə bir sıra ciddi sosial layihələr həyata keçirildi. Atılan addımlar, operativ şəkildə modul tipli xəstəxanaların quraşdırılması, tibbi və gigiyenik vasitələr istehsal edən zavodun tikilməsi və nəhayət, Avropada başladılan vaksinasiya prosesindən cəmi bir ay sonra Azərbaycanda peyvəndlənmə işlərinin başlanması hökumətin vətəndaşların sağlamlığına verdiyi önəmin nümunəsidir. Azərbaycanda, həm Cənubi Qafqazda, həm də bölgədə və dünyada yeni reallıqlar yaradıb. Bu reallıq Böyük Qayıdış üçün görülən işlərdir, yeni nəqliyyat-kommunikasiya, loqistika, enerji, neft-qaz sahəsində nəhəng, irimiqyaslı layihələrin həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq”.


Müəllif: Tapdıq Qurbanlı