Şirkət müştəriləri aldatmadığını deyir
“Gündəlik Teleqraf” qəzetinin 28 oktyabr tarixli sayında çap olunan “Beloçka”nın pulsuz dəqiqələri” başlıqlı məqalədə adıçəkilən şirkətlərin birindən - “Bakcell” mobil operatorundan redaksiyamıza cavab xarakterli məlumat daxil olub.
Xatırladaq ki, “Beloçka”nın pulsuz dəqiqələri” sərlövhəli yazıda günəbaxan tumlarının satışını həyata keçirən istehsalçı müəssisə “Ayan” MMC-nin keçirdiyi kampaniyadan olan şikayət barədə məlumat verilirdi. Belə ki, sözügedən MMC aylardır ki, stimullaşdırıcı lotoreyalar üzrə “Al qazan - ani uduşlu dəqiqələr” “Beloçka”dan “Bakcell” abonentləri üçün kampaniyalar keçirir. Satışda olan bütün “Beloçka” tumlarının qabından istisnasız olaraq uduş kuponu çıxır və kupondakı 10 rəqəmli şifrəni yazıb “Bakcell” abunəçiləri 6070-ə qısa sms-lə göndərməklə pulsuz danışıq dəqiqələri əldə etmiş olurlar. Lotereyanın şərtlərinə əsasən, 6070-ə göndərilən SMS-lər pulsuzdur. Şərtlərə əsasən hədiyyə dəqiqələrindən bütün “Bakcell” abunəçiləri 3 gün ərzində şəbəkədaxili yararlana bilərlər. Lakin bu, həmişə belə olmur. Bir çox istehlakçı deyib ki, “Beloçka”nın tumlarından çıxan həmin 10 rəqəmli şifrəni 6070-ə göndərsə də balansında heç bir dəyişiklik müşahidə etməyib. “Bakcell” abunəçisi olan istehlakçılar bildirirlər ki, “Beloçka”nın içindən çıxan şifrəni yüklədikdən sonra balansı öyrənmək üçün *100# əməliyyatını həyata keçirərək konturların artması əvəzinə bu əməliyyata görə daha iki qəpik itirilərək azalma müşahidə edirlər. Bəzi vaxtlar şifrəni yığdıqda balansa pul yüklənilmir və əksinə qazanmaq əvəzinə abonent SMS-ə görə 4 qəpik itirir.
Mövzu ilə bağlı “Ayan” MMC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, toxunulan məsələdən xəbərdardılar və bununla bağlı onlara bir neçə şikayət daxil olub: “Bu, bizimlə bağlı olan məsələ deyil. Problem mobil operatorların göstərdiyi xidmətdədir. Biz həmin kampaniyaya xeyli miqdarda vəsait ayırmışıq. Bu, bizim firmanın reklamına xidmət etməklə yanaşı, həm də istehlakçıların ”Beloçka"nı seçməklə az da olsa, qazanc əldə etməsinə xidmət edir. İstəməzdik ki, müştərilərimiz uğursuzluqla üzləşsinlər. Ona görə də bizə müraciət edən hər kəs barədə ayrıca araşdırma aparırıq. Və yüklənməyən pulsuz dəqiqələri balansa bərpa edirik”.
“Bakcell” şirkətin mətbuat xidmətindən göndərilən məlumatda isə bildrirlər ki, “Beloçka”nın kampaniyası çərçivəsində “Bakcell” abunəçiləri adıçəkilən tumların qablaşdırmasından çıxan uduş kuponunda göstərilən 10 rəqəmli şifrəni 6070 qısa nomrəsinə göndərir və şəbəkədaxili 3 gün pulsuz dəqiqələr əldə edirlər: “Pulsuz dəqiqələr abunəçinin balansına danışıq dəqiqələri kimi yüklənir. Şəbəkədaxili zənglər zamanı abunəçilər əvvəlcə pulsuz dəqiqələrin hesabına, pulsuz dəqiqələr bitdikdən sonra isə balansda qalan məbləğ hesabına danışırlar”.
Məlumatda qeyd olunub ki, pulsuz dəqiqələr qazanmaq üçün 10 rəqəmli şifrəni yükləyən abunəçilərimiz nəzərə almalıdırlar ki, bu cür kampaniyalar çərçivəsində qazanılan dəqiqələr pul balansında artmış məbləğ kimi görünmür: “Yəni *100#YES yığdıqda balansın dəyişdiyini görmək mümkün deyil. Adından da göründüyü kimi, pulsuz dəqiqələr məhz dəqiqə formasında abunəçiyə hədiyyə olunur və onu yoxlamaq üçün *777#YES kodunu yığmaq lazımdır. Bu zaman abunəçi qazandığı bonusu görə bilər”.
Naibə QURBANOVA