19 May 2021 22:56
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxın, demişdim ki, Şuşadan qayıtsaq da, mən hələ də oradayam. Qayıda bilməmişəm. Qayıda bimirəm.

Savaşda, ön cəbhədə döyüşməyi-vuruşmağı necə təsəvvür edirsiniz?..

Şuşa ziyarəti də o qədər ağırdır…

Şişirtmirəm. Həqiqətən belədir. Çox ağır səfər idi. O qədər ağır ki, günlər keçsə də, yükünü atmaq, yüngülləşmək, sakitləşmək olmur. Normal gündəlik həyata dönə, əvvəlki özün ola bilmirsən.

Heç kəsə asan gəlməsin. “Yol çantamı hazırladım, avtobusa atladım, vəssalam” deyil bu. Belə baxmaq olmaz Şuşa ilə görüşə. Otuz illik travması, acısı, yarası, işgəncəsi, iztirabı, qüssəsi ilə yolumuzu gözləyən bir Şəhər var önümüzdə. Yaralı Şəhər…

Üstəlik, sən özün də yaralısan…

Bu görüş, təmas, ünsiyyət o qədər ağrılıdır ki… İki yaralının görüşü… İfadə etmək belə çox çətindir. Doymaq olmur, dolmaq olmur Şuşadan.

Şuşa ilə qucaqlaşmaq, qarşısında diz çökmək, dizini yerə qoyub səcdə etmək istəyirsən. Otların üzərinə çöküb səsləri dinləmək, torpağa nəvaziş göstərmək istəyirsən. Alınmır. İstədiyin kimi, illərcə arzuladığın kimi alınmır. Neyləsən, bəs eləmir. Sənə elə gəlir, bir yanın boşdur. Sənə elə gəlir, 30 ildir təsəvvür etdiyin ilk görüş bu deyil, belə olmamalıdır…

Tünlük, möhtəşəm festival, qonaqlar, həsrət gidərmək… hər şey son dərəcə mükəmməl, gözəldir. Amma…

İkinizin aranızdakı rabitədən danışıram mən. Şuşayla görüşmək, bölüşmək, həmdərd olmaq, özü də təkbətək görüşmək güc-qüvvət istəyir. Ətraf aləmdən təcrid olunmalı, ikiniz olmalısınız, yalnız ikiniz. O danışmalı, sən dinləməlisən. Sən danışmalısan, o qulaq asmalıdır. Şuşanın mistik əhval-ruhiyyəsini başqa cür duymaq ya çox çətin olur, çökürsən, ya da mümkün olmur. Çünki Şuşa tamamilə fərqli bir məkandır, fərqli bir enerji, fərqli bir auradır. Qatları dərindi. Bir dəfəyə oxuya, anlaya bilməzsən onu. Anlaşa bilmək üçün vaxt lazımdır, adaptə olunmalısan, o harmoniya ilə uyğunlaşmalı, eyniləşməli, çulğalaşmalısan. Gücünü, var gücünü toplamalısan ki, üstünə gələn o nəhəng sevgi selinin önündə müvazinətini saxlaya biləsən. Yıxılmayasan.

Sanki yaxınınızda, bir addımlığınızda Xoşbəxtlik Minası partlayıb. Siz də qəlpə yaraları almısınız, xoşbəxtlik qəlpələri. Xoşbəxtlikdən beyin silkələnməsi baş verib, kantuziya almısınız… Təxminən belə bir şey…

Şuşanı kəşf etmək, fəth etmək, tapmaq, əlindən tutmaq sizə asan gəlməsin…

Şuşa ilə görüş sevgilinlə görüş kimidir. O qədər doğmadır, içdəndir, təbiidir.

Eyni zamanda... sarsıntıdır. Sanki zəlzələ baş verir içəridə. Dağılırsan, parçalanırsan, qum dənəsi boyda hissəciklərə ayrılırsan, sonra təkrar toparlanırsan. Bütövləşirsən. Hər şeyi təkrar öz yerinə, öz rəfinə qoyursan.

Şuşanı sevmək də asan gəlməsin sizə. Ürək istəyir bu sevgi. Könül istəyir. Böyütmək, ucaltmaq, yaşatmaq üçün güc istəyir.

Şuşa zərifdir, rəngsiz, tərifsiz, abartısız füsunkardır, bənzərsizdir, nadirdir. Hətta təkdir, yeganədir. Həm də qüdrətlidir. Özünü arxalı, dayaqlı hiss edirsən onun yanında. O ki, əlini tutub, sənə elə gəlir, Tanrı əlindən tutub. O, sənə elə baxır, elə bilirsən, Tanrının nəzərləridir.

Şuşa belə bir yerdir, məkandır, laməkandır…

İzaholunmaz, anlaşılmaz olduğu qədər sadə və aydındır Şuşa. Məsələn, festivalın ikinci günü Cıdır düzünün səmasında dövrə vuran bir Qartal… Tək idi. Səmanın Sərkərdəsi tək məğrurluqla baş verənlərə tamaşa edirdi. Az sonra uçub getdu. O qədər ani və möcüzəvi idi ki…

İzah etmək mümkündürmü bunu?! Kim (“nə” yox) idi, niyə gəlmişdi? Haradan gəldi, haraya getdi?!.

Şuşa çox sirli-sehrlidir…

Şuşaya getməyənlər, darıxmayın, darıxdırmayın özünüzü. Şuşaya çox gedəcəyik, dəfələrlə, təkrar-təkrar gedəcəyik. Doya-doya udacağıq şüşə kimi havasını. Gözlərimizin, qəlbimizin yaddaşını dəfələrlə təzələyəcəyik Şuşanın əsrarəngizliyilə.

Amma… Öncə Şuşanı dirçəltmək, tikmək, qurmaq lazımdır. Əski simasına qaytarmaq lazımdı. İş gedir. Şuşa tezliklə əvvəlki ŞUŞA olacaq…

“Xarıbülbül” festivalı isə bir İlkdir, möcüzəvi, misilsiz bir İlk. Cıdır düzü 32 illik fasilədən sonra təkrar doğma səsləri duydu; “Xarıbülbül” - çox möhtəşəm musiqi şöləni kimi yaddaşlara və şanlı tariximizə yazıldı.

Təbii ki, işğaldan azad olunandan sonra Şuşada keçirilən ilk kütləvi tədbir kimi bu barədə çox danışılacaq, çox müzakirə olunacaq və bu festival heç vaxt unudulmayacaq. Biz sanki Qarabağın Qəlbi, Ürəyi sayılan Şuşaya qayıdışımızı Cıdır düzündən yüksələn o musiqi sədalarıyla ölkəyə, regiona və dünyaya yaydıq.

Bu festivalın özündə ehtiva etdiyi siyasi mesajlar kifayət qədərdir, əlbəttə, dünyaya yönəlik həmin çağırışlarla bağlı uzun-uzadı danışmaq olar və danışmalıyıq da. Amma mənim fikrimcə, öncə Azərbaycan dövlətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Şuşadan verdiyi sülh və əmin-amanlıq mesajlarına diqqəti yönəltmək lazımdır. Şübhəsiz, Şuşa şəhərində ilk kütləvi tədbir sırf rəsmi, siyasi yüklü ola bilərdi və indən sonra davamlı olaraq bu cür tədbirlər təbii ki, keçiriləcək. Amma Heydər Əliyev Fondunun təşkilatçılığı ilə araya-ərsəyə gələn “Xarıbülbül” musiqi festivalı ilə Şuşadan məhz sülh çağırışları edildi.

Biz dəfələrlə Şuşa şəhərini “Mənəviyyat emalatxanası” adlandırmışıq və bu nüansa son dərəcə həssaslıqla yanaşan Mehriban Əliyeva hər şeyi o qədər incəliklə hesablamışdı ki! Xanım Əliyeva Mədəniyyət Paytaxtımızın açılışını məhz mədəniyyətimizin və mənəviyyatımızın yüksək təqdimatıyla etdi; Azərbaycanın multikultural dəyərlərə sadiqliyini, çoxkonfessiyalı ölkə kimi etnik azlıqlara bərabər hüquqlar tanıdığını və bunu son dərəcə doğmalıqla və səmimiyyətlə etdiyini göstərdi…

44 günlük Vətən Savaşında qazandığımız Qələbənin verdiyi riqqətdən və qürurdan qaynaqlanan bir Şuşa festivalı… Şuşalı festival… Şuşada festival… Şuşa…

Adam həqiqətən ifadə etməkdən, təsvir etməkdən, Şuşa adını dəfən-dəfən dilə gətirməkdən, pıçıldamaqdan, hayqırmaqdan doymur…

Şükür qovuşdurana…


Müəllif: Aynur Camalqızı

Oxşar xəbərlər