29 May 2021 21:23
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident Ilham Əliyevin 28 May - Respublika günündə işğaldan azad olunmuş Ağdama səfəri və burada tarixi əhəmiyyətli obyektlərin əsasını qoyması mühüm hadisədir. Bu, Azərbaycan dövlətinin öz müstəqilliyinə, milli kimliyinə, tarixinə, ərazisinə olan bağlılığının və aidliyinin növbəti göstəricisidir. 30 ilə yaxın yağı tapdağında qalmış Ağdam şəhərinin baş planı təqdim olundu. Orada park meşə massivi və yaşayış kompleksinin əsası qoyuldu. Bu addımlar Respublika günündə xalqımızın ən ümdə arzularından birinin təcəsümü kimi də xarakterizə olunur.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, erməni işğalından azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir:

“Bu xüsusda Ağdam şəhərinin infrastrukturu tamamilə yenidən bərpa olunacaq. Çünki işğal dövründə erməni vandalları şəhərdə daşı-daş üstə qoymayıb. Heç bir salamat tikili qalmayıb. Şəhərin bütün real infrastrukturu tamamilə yox edilib. Sanki bu ərazidə insan yaşamayıb kimi bir mənzərə yaratmağa çalışıblar. Amma 30 ilə yaxın davam edən təcavüz dövrü bitdi. Erməni vandalları qəhrəmanlarımızın sücaəti sayəsində bu torpaqlardan qovuldu. Artıq azad torpaqlara ikinci həyat gəlib”.

Deputat vurğulayıb ki, cənab Prezidentin Ağdama səfəri çərçivəsində xalqımızın bu ərazilərə yenidən sahib çıxmasını özündə ehtiva edən bütün zəruri addımların atılması təmin olunub:

“Ağdamlılar və Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulub. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının yardılmasına başlanıldı. Gələcəkdə bəlkə də minlərlə insan bu sənaye parkında mövcud iş imkanlarından yararlana biləcək. Eyni zamanda Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcək. Bununla yanaşı Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası hazırlanıb. Həmçinin böyük meşə sahəsinin təməli qoyuldu”.

Məlahət İbrahimqızı qeyd edib ki, bütün Qarabağ “yaşıl enerji” zonası olacaq:

“Bütün şəhərlər “Ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bu isə Qarabağın yeni simasının, obrazının və dünyada inkişaf edən bir bölgə kimi tanınmasının ilkin şərtləri hesab olunur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər