19 İyun 2021 20:29
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi dövründə Azərbaycanla bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək fikri bir neçə gündür ki, sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilib. Kimi bu minnətdarlıq jestini yersiz görür, kimi də bunun əksini düşünür.

Teleqraf.com sözügedən mövzu ilə bağlı media nümayəndələrinin fikrini öyrənib.

Teletənqidçi, filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli mübahisələrin predmetini dəqiq tuta bilmədiyi üçün müzakirələrin nəyin üstündə getdiyini başa düşməkdə çətinlik çəkdiyini deyib: “Bir televiziyanın ekstremal şəraitdə işləyən müxbiri, reportyoru Azərbaycanla bağlı bir çox məlumatları yayımlayıb. Azərbaycan xalqının böyük tamaşaçı auditoriyası onu sevib və öz rəğbətini bildirib. Əgər kimsə bununla bağlı bir film çəkirsə, buna çox normal baxıram. Söhbət haqqında film çəkilən şəxsin göylərə qaldırılmasından getmir, onun işinin özəlliyini, reportyor sənətinin çətinliklərini göstərməkdir, bunun portretini yaratmaqdır.

İstər Rusiyada, istərsə də Amerikada “CNN”in, “BBC”nin ekstremal şəraitdə işləyən jurnalistləri haqqında çox sənədli filmlər var. Bu, çox sıradan bir hadisədir və məsələnin bu qədər mübahisə yaratmağının, diskussiyalara yol açmağının səbəbini başa düşmək olmur.

Tərəfdarıyam, film çəkilsin. Bu, bir müxbirin hekayətidir və onun taleyidir, həyatının bir hissəsidir. Təbii ki, burada Azərbaycanla bağlı motivlər də var. Çünki biz onu təkcə reportyor kimi yox, həm də genetik olaraq xalqa bağlılığı olan, haqsızlığa, ədalətsizliyə, yalana, riyakarlığa qarşı dayanan və öz həqiqətini ortaya qoyan bir jurnalist kimi tanıdıq və sevdik. Film çəkilsin, baxaq”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, 44 günlük savaş boyunca səngərdə döyüşən əsgərlərlə birgə Azərbaycanın haqlı savaşını media müstəvisində sözünü deyən jurnalistlər olub: “Bu jurnalistlər içərisində də bizə doğma və qardaş olan Türkiyə televiziyaları daim döyüş bölgəsində ən çətin şəraitdə öz vəzifə borclarını yerinə yetiriblər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı savaşı dünyaya çatdırıblar. Onlardan biri də qəhrəman həmkarlarımızdan olan Fulya Öztürkdür.

Jurnalistlərimizin, eləcə də sosial şəbəkə istifadəçilərimizin belə ayrıseçkilik etmələrini anlamıram. Çətin bir vaxtda yanımızda olan, informasiya savaşında bizi tək buraxmayıb dəstəkləyən qəhrəman xanımın haqqında çəkilən filmlə bağlı bu cür fikirlərin səslənməsinə məyus oluram. Düşünürəm ki, bu, Fulya Öztürkün haqqıdır. Burada jurnalistlər arasında ayrıseçkilik yoxdur. Azərbaycan xalqı müharibədə Fulya xanımın timsalında həqiqətlərin ifadəsinin simvolunu görüb. İndi biz simvollaşmış bir obraza öz hədiyyəmizi veririksə, ona bir film həsr ediriksə, bu, əks fikrə səbəb olmamalı idi.

Əlbəttə, Sirac Abışov da, Məhərrəm İbrahimov da, Alı Mustafayev də, Çingiz Mustafayev də bizimdir, onların hər biri haqqında film də çəkilməlidir, adları da əbədiləşdirilməlidir. Fulya Öztürk başqa millətdən deyil ki, o da bir türkdür. Hər kəsin öz haqqı tanınmalıdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın səsini böyük bir auditoriyaya çatdırıb. Sosial şəbəkələrdə hər kəsin öz fikri ola bilər, amma hesab edirəm ki, biz bu məsələdə obyektiv davranmalıyıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər