Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, Seyid İbrahim Rəisi İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayıb, iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial olduğunu bildirib.
Rəisi İranın özəl şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu söyləyib: "İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər".
Sahibə Qafarova öz növbəsində İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. Spiker Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu söyləyib.