Bakı yol polisi son günlər paytaxtda yaranan tıxaclara aydınlıq gətirdi.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda tıxacların yaranması paytaxtın mərkəzi küçə və prospektlərində aparılan əsaslı təmir işləri ilə bağlıdır.
Bu məqsədlə Bakı yol polisi müraciət edib ki, şənbə və bazar günü, o cümlədən Dövlət Bayraq günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq sürücülər maksimum dərəcədə şəxsi avtomobillərindən az istifadə etsinlər: “Bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi surətləndiriləcək. Sürücülərə də bu işlərin surətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir”.