19 Avqust 2022 22:28
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Qafanda konsulluq açması birbaşa Zəngəzur dəhlizinin reallaşmasının qarşısnın alınmasına yönəlib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İran Ermənistanla Azərbaycan arasında düşmənçiliyin davam etməsi üçün əlindən gələni edir:

“İran öz məkrli niyyətinə uyğun olaraq, Ermənistanı öz PUA-ları ilə təchiz etmək məsələsini də nəzərdən keçirir.

Hesab edirəm ki, İran məhz Zəngəzurda konsulluq açmaqla növbəti dəfə anti-Azərbaycan mövqeyini aşkar şəkildə ortaya qoydu. Bunun müqabilində Azərbaycan İrana ciddi etiraz etmir, münasibətləri gərginləşmə nöqtəsinə gətirəcək addımlardan uzaq durur. Amma İran tam əksini edir. Qənaətimə görə, Azərbaycan İranın o qədər də dost olmayan addımlarına adekvat cavab verməlidir. Məsələn, Şərqi Zəngəzurda İsrail konsulluğu aça bilərik. Şuşada isə Türkiyə konsulluğunun açılması gecikir.

Azərbaycan öz ərazisində istənilən dövlətin konsulluğunun açılmasına razılıq verə bilər. Cənubi Qafqazda proseslər həlledici mərhələyə qədəm qoyur. Azərbaycan-Türkiyə-İsrail üçbucağı regionda təhlükəsizliyin qarantıdır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, İsrail Qarabağda kənd təsərrüfatı layihələri həyata keçirir və ölkəmizi yüksək keyfiyyətli buğda ilə təmin edəcək:

“İsrail-Azərbaycan əlaqələri üçüncü ölkələrə qarşı yönəlməyib. Bu əməkdaşlıq Azərbaycanın təhlükəsizliyinin güclənməsinə və iqtisadi imkanlarının artmasına təkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu