26 Avqust 2022 10:37
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Sosial şəbəkələrdə hər kəs birinci xanımı təbrik edir, onunla bağlı fikirlərini bölüşür.

Teleqraf.com ictimai-siyasi şəxslərin maraqlı statusları təqdim edir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova: "O, Azərbaycan qadınlarını ali icra hakimiyyəti orqanlarında ən yüksək səviyyədə, birinci vitse-prezident vəzifəsində təmsil edərək öz fəaliyyətində ən sadə prinsiplərə əsaslanır. Vicdan və ləyaqət, ədalət və qarşılıqlı hörmət, mərhəmət və xoş niyyətin hər şeyə qadir olduğuna sidq ürəklə inanır.

Xeyirxahlıq və insanpərvərliyə, milli və bəşəri dəyərlərə söykənən müdrikliyi böyük siyasətə gətirməyin nəinki mümkünlüyünə, onun alicənablıq və kübarlıq, zəriflik və məsuliyyətlə bir arada daha səmərəli idarəetmə metodu olduğuna hər kəsi inandırmağı bacarır.

O, həmçinin dövlət idarəçiliyində səmimiyyət və mərhəmətə daha çox yer verməklə, fərdi və qrup maraqlarını daha çox sıxışdırmaq, konkret problemləri həll etməklə isə ümumi çətinlikləri daha tez aradan qaldırmağın mümkünlüyünü sübut etməkdədir. Bir çox hallarda məhz onun təşəbbüsü ilə formalaşdırılan ünvanlı yanaşmalar, həssas təbəqədən olan vətəndaşların həyatını asanlaşdırmaq, dövlətlə vətəndaş arasındakı subyektiv baryerləri və məqsədli maneələri aradan qaldırmağın açar üsulu kimi özünü
həyatımızda təsdiq etməkdədir.

Qadın və uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin müasir qlobal çağırışlar fonunda dəyərlər sistemimizin mərkəzi komponenti kimi öz mövqeyini saxlaması və nəsildən nəsilə ötürülən ən vacib amil kimi milli kimliyimizin formalaşmasındakı rolunu davam etdirməsinə yönəlmiş addımların atılması onun diqqət yetirdiyi əsas məsələlərdəndir.

Bir sözlə öz fəaliyyətində bir çox uğurlu ilklərə imza atmaq Mehriban xanımın əsas missiyasıdır.
Başlanğıcı birinci xanım kimi çoxşaxəli fəaliyyətindən qaynaqlanan xalqa xidmət missiyasının öhdəsindən o, bütün hallarda məharətlə gəlməkdədir və təsadüfi deyildir ki, bu gün hər kəs onu Bizim Mehriban adlandırır".

Milli Məclisin deputatı Vüqar Bayramov: "Mehriban xanım Əliyevanın peşəkar fəaliyyəti dövlət idarəetməsində çevikliyin artmasına xüsusi töhfə verməklə yanaşı, sosial, humanitar və iqtisadi siyasətin daha da uğurla həyata keçirilməsinə geniş şərait yaradıb. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, dünyada tanıdılmasında, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsində, ölkəmizdə sosial təminat sisteminin və qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsində Mehriban xanım Əliyevanın peşəkar fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğaldan azad olunan ərazilərimiz daxil olmaqla ölkəmizdə bir çox önəmli layihə və proqramlar icra olunur, həssas əhali qruplarının problemlərinin həllinə xüsusi dəstək nümayiş etdirilir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, hazırda dünyanın bir sıra ölkələrində humanitar layihələrin icrası həyata keçirilməkdədir. Bu layihələr sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması və dəstəklənməsi, dünya mədəni irsinin qorunması üzrə prioritet istiqamətləri də əhatə edir.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Azərbaycanda sosial təminat sisteminin daha güclənməsi, iqtisadi islahatların dərinləşməsi, idarəetmə sistemin çevikliyin artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi çoxşaxəli fəaliyyətində uğurlar arzulayırıq!”

Milli Məclisin deputatı Etibar Əliyev: “Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra ölkədə xüsusilə sosial sahələrin idarəçilik fəlsəfəsi dəyişdi, institusionallığı gücləndi, bu sahələrin idarəçilik mühitinin rasionallığına xüsusi töhfələr verildi. Dünyanın tanınmış simalarının böyük əksəriyyəti təhsilin, səhiyyənin və mədəniyyətin inkişafında əllərindən gələni əsirgəmirlər. Onun ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi töhfələr əvəzolunmazdır və nümunəvi xarakter daşıyır.

Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzinin yaradılması və idarəolunmasında əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın irəli sürdüyü ideyalar intuisiyasına söykənir, parlaq gələcəyə zəmin yaradır. Onun sağlam düşüncəsi və yüksək intellekti öz gücünə inamını artırır.

Mehriban xanım Əliyeva hansı layihəyə imza atıbsa onu uğurla başa çatdırıb. Onun irəli sürdüyü ideyaların zamanında gerçəkləşməsi möhkəm xarakteri və yorulmaz fəaliyyəti ilə bağlıdır. Mehriban xanım Əliyevanın yaradıcı potensialı çox güclüdür. Onun gördüyü işlər quruculuq nümunələridir, yeniliklərlə zəngindir. İdeyalar bir-birini tamamlayır və sistem xarakteri daşıyır. Dahi alman filosofu İmmanuil Kant idaretmə sənətini ən çətin sənət kimi önə çəkirdi. Mehriban xanım Əliyevanın bu qabiliyyəti bir-birini yüksək dəqiqliklə tamamlayan sadaladığım keyfiyyətlərin məcmusudur. Mehriban xanım Əliyeva insanlara münasibətdə çox səmimidir. Bizlər bunu əyani şəkildə görmüşük. Səmimiyyət və nəciblik onun mənsub olduğu nəslə xas olan əsas keyfiyyət olduğundan bunu irsi də adlandırmaq olar. Mehriban xanım Əliyevanın nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Bu keyfiyyətə sahib olanlar təkcə öyrətmirlər, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər. Mehriban xanım Əliyeva Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərir: şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirir. Mehriban xanım Əliyevanı təbrik edirəm, ona gələcək davamlı fəaliyyətində uğurlar arzulayıram…”.


Müəllif: Tapdıq Qurbanlı