4 Fevral 2023 16:34
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şadam ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tədricən bərpa olunur, buralara həyat geri qayıdır”.

Bunu Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər qrupunun tərkibində yer alan britaniyalı səyyah Saşa Hini deyib.

Gördüklərindən heyrətlənən S.Hini ağrı və kədərlə dolu yerlər görəcəyini gözlədiyini söyləyib.

“Ancaq gənc nəslin bu yerləri necə bərpa etdiyini, onların ilkin görkəmini bərpa etməyə, yenidən həyata qaytarmağa çalışdığını görmək çox sevindiricidir”, - o bildirib.

S.Hini vurğulayıb ki, bir vaxtlar buradan qovulmuş insanların öz torpaqlarına qayıtması üçün hava limanlarının, yaşayış binalarının tikildiyini, şəhər və kəndlərin salındığını görüb.

Azıx mağarası ilə bağlı təəssüratlarından danışan səyyah buranın unikal və tarixi dəyərə malik olduğunu qeyd edib.

“Bir çox səyahətçilər üçün işğaldan azad edilmiş əraziləri ziyarət etmək çox maraqlıdır. Xəbərlərdə bura gələn insanların olduğunu eşitmişik, lakin hər şeyi öz gözlərimizlə görmək bizim üçün imtiyazdır”, - o əlavə edib.

Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər