Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, soydaşımız Həmran Əmirli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Hazırda Kahramanmaraşda vəziyyət necədir?
- Xilasetmə əməliyyatları aparılır, çadırlar qurulub, yeməklər verilir. Demək olar ki, dövlət yardımı hər kəsə çatdırılıb.
- Təxliyə prosesi necə gedir və neçə azərbaycanlı təxliyə olunub?
- Kahramanmaraşda azərbaycanlıların evakuasiya prosesi tam başa çatıb. Ölkə vətəndaşları iki mərhələdə yola salınıb. İki gün əvvəl göndərilən vətəndaşlarımız hazırda Kürdəmirdən Bakıya doğru gəlirlər. Bir qrupunu isə dünən göndərmişik.
Dəqiq rəqəm olmasa da, təxminən 50 nəfərdən çox Azərbaycan vətəndaşı zəlzələ bölgəsindən köçürülüb. Onların hamısı tələbə deyil. Azərbaycanın Türkiyədəki fövqəladə səlahiyyətli səfirliyi vasitəsilə burada çalışan, yaşayan və yoldaşı türk vətəndaşı olan, getmək istəyən hər kəsi köməklik edib.
- Hələ də zəlzələ hiss olunur, ya tam sakitlikdir?
- Ara-sıra çox da güclü olmayan zəlzələlər hiss olunur. Ardıcıl olaraq 4-5 bal gücündə təkanlar qeydə alınır.
- Xilasetmə əməliyyatlarına ən çox mane olan nədir?
- Bu əməliyyatlara Azərbaycan FHN-nin xilasediciləri olmaqla digər dövlətlərdən də qoşulan var. Hazırda bütün qruplar ərazidə çalışır. Demək olar ki, çökən bütün binalarda xilasetmə əməliyyatları aparılır.
Çətinliklər var. Bu da ondan qaynaqlanır ki, 10 şəhərdə eyni anda 7.5-7.7 bal gücündə iki zəlzələ oldu. Buna baxmayaraq bütün xilasetmə əməliyyatları tam sürətlə davam edir.
- Kahramanmaraşda iki azərbaycanlının öldüyü deyilir. Onların kimlikləri bəllidirmi?
- Bəli, onların kimliyi məlumdur. Amma ölənlərin ad və soyadlarını ancaq səfirliyimiz vasitəsilə öyrənə bilərsiniz. Onların kimliyini açıqlamaq təkbaşına verə biləcəyim qərar deyil.
Hər ikisi qadındır, tələbə deyillər. Yaxınlarının da xəbəri var.
- Onlar harada dəfn olunacaq?
- Hazırda səfirliyimizin əsas işi dağıntılar altından çıxarılan vətəndaşlarımızı təxliyə etməkdir. Paralel olaraq cənazələrin Azərbaycana göndərilməsi ilə bağlı fəaliyyət göstərilir. Onlar da Azərbaycana göndəriləcək.
Qərargah qurulub, oradan bütün işlər 7 gün 24 saat davam edir. Dağıntı olan bütün şəhərlərə səfərliyin əməkdaşları göndərilib.
- Ümumiyyətlə, tanıdığınız azərbaycanlılar çox idimi?
- Bəli, var idi. Amma bizim əlaqəmiz daha çox tələbələrlə olub. Ailəli olanlarla o qədər də əlaqəmiz olmurdu. Öz razılığı ilə getmək istəyənlər universitet ərazisində və şəhərin avtovağzal hissəsində toplandı, səfirlik vasitəsilə yola sılındı.
- Sağ qalanlarla əlaqə qura bilirsinizmi?
- Bəli, əlaqə saxlaya bilirik. Vəziyyətləri normaldır.
- Ən çox nəyə ehtiyac var?
- Qidaya. Bunu xarici ölkələrdə fəaliyyət göstərən səfirlik nümayəndələri də elan edib, təkrar demək istəyirəm ki, istifadə olunmuş paltar göndərməyin bir mənası yoxdur. Çünki dövlət ikinci əl paltarları qəbul etmir. Xəstəlik, gigiyenik qaydalardan dolayı belə bir qərar qəbul olunub.
Sonda onu da qeyd edim ki, hər şey Türkiyə dövləti tərəfindən kontrol altındadır.