29 Mart 2023 16:20
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-da Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsd, terror aktı əslində Azərbaycan dövlətinə qarşı yönələn bir cinayətdir. Məqsəd ölkəmizdəki sabitliyi pozmaq və cəmiyyəti qorxu altında saxlamaqdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, sui-qəsdin kimlər tərəfindən törədildiyini indidən söyləmək çətindir:

“Müxtəlif fərziyələr, yanaşmalar ola bilər. Amma konkret ünvan göstərməyi doğru hesab etmirəm. Çünki bu, cinayətkarların və onların himayədarlarının cəzadan yayınmasına səbəb ola bilər. Hər kəs baş vermiş bu cinayətlə bağlı fikir səsləndirəndə ehtiyatlı olmalıdır. Fərziyələrin mütləq həqiqət kimi səsləndirilməsini doğru hesab etmirəm. Əminəm ki, Azərbaycanın hüquq mühafizə orqanları ən qısa zamanda bu terror aktını törədənləri məsuliyyətə cəlb edəcək. Yalnız bundan sonra biz konkret faktlara əsaslanmaqla fikir yürüdə bilərik. Onu da qeyd etməliyəm ki, Fazil Mustafa təsadüfən hədəf seçilməyib. Fazil bəy, həm partiya sədri, həm də millət vəkili olaraq ölkəmizin maraqlarını müdafiə edib. Anti-Azərbaycan qüvvələrinə, dini ekstremizmə qarşı prinsipial mövqe sərgiləyən Fazil Mustafanın fikirləri müəyyən qüvvələrin xoşuna gəlirdi. Biz sosial şəbəkələrdən də görürük ki, Fazil Mustafa dəfələrlə fikirlərinə görə təhdid və təhqir olunub. Təbii ki, sağlam düşüncəli, milli xarakterli insanlar millət vəkilinə qarşı aparılan təhdidləri daim pisləyib. Bu gün də cəmiyyət olaraq bu terror aktını törədənləri birmənalı olaraq qınayırıq, onların məsuliyyətə cəlb ediləcəyinə inanırıq.

Heç bir sui-qəsd və terror Azərbaycan xalqını və dövlətini öz hədəflərindən yayındıra bilməz. Dövlətçiliyimizə qarşı terror törətmək istəyənlər öz məqsədlərinə çata bilməyəcəklər. Hansı ekstremist qüvvələr tərəfindən törədilməsinə baxmayaraq, biz bir nəfər kimi bu terror aktını pisləməliyik. Fərqli fikirlər səsləndirdiyi üçün kiməsə qarşı cinayət törətmək yolverilməzdir. Azərbaycan müstəqil, demokratik ölkədir. Burada fərqli dünyagörüşlü insanlar var və insanlar oz mövqelərini, düşüncələrini ifadə etməkdə sərbəstdirlər. Demokratiyaya, söz azadlığına, sabitliyə qarşı cinayət törədənlər mütləq şəkildə cəzalandırılmalıdırlar. Bu, Azərbaycanın gələcək sabitliyi, insanların tam təhlükəsizlik şəraitində yaşayacaqlarına əmin olmaları baxımından vacibdir. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarların tapılması üçün gərəkən addımları atır. Cinayətkarların tapılaraq məsuliyyətə cəlb ediləcəyinə heç kəsin şübhəsi olmasın”.

Politoloqa görə, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək qeyri-mümkündür:

“Bu gün vətənini sevən hər kəs dövlətinin və Prezidentinin yanındadır. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki parlaq qələbəsini həzm edə bilməyənlər müxtəlif vasitələrə əl ata bilərlər. Odur ki, biz bu kimi təxribatlara hazır olmalıyıq və proseslərə soyuq başla yanaşmalıyıq. İndidən konkret bir dövləti hədəf seçməyi düzgün saymıram. Hər şey istintaqın nəticəsindən sonra aydın olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər