12 May 2014 14:06
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Qasımlı: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmalıdır"

Fransa prezidenti Fransua Olandın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətləri yenidən gündəmə gətirib.

Azərbaycan-Fransa münasibətlərinin tarixi, bu günü və perspektivi ilə bağlı Milli Məclisin üzvü, professor Musa Qasımlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Musa müəllim, Fransa prezidenti Fransua Olandın ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin tarixini yenidən gündəmə gətirib. Tarixçi alim olaraq Azərbaycan-Fransa münasibətlərinin tarixi barədə nə deyə bilərsiz?
- Azərbaycan-Fransa münasibətlərinin zəngin tarixi var. Münasibətlərimizin ilk səhifələri orta əsrlərə gedib çıxır. Bir sıra fransız səyyahları Azərbaycana səfər edərək burada gördüklərini qələmə alıblar. İki ölkə arasındakı münasibətlərin bir dövrü 1-ci Dünya Müharibəsindən sonrakı tarixi əhatə edir. 1918-ci ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Nümayəndə Heyəti Parisə səfər edib, Versal sarayında Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınıb. Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış "Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu" sülh konfransının katibliyinə təqdim edilib. Bolişeviklərin Azərbaycanı işğal etməsindən sonra da, Fransa Azərbaycanın müstəqilliyi üçün çalışıb. Siyasi mühacirətin görkəmli xadimlərindən olan Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə edib. 2-ci Dünya Müharibəsində azərbaycanlılar Fransız Müqavimət Hərəkatında fəal iştirak ediblər. Fransanın işğaldan azad olunmasında azərbaycanlılar müstəsna rol oynayıblar. Müharibə zamanı keçmiş SSR-yə səfər edən Fransız Müqavimət Hərəkatının lideri Şarl de Qoll 1944-cü ildə Bakıda da olub. O, Opera Balet Teatrında Üzeyr Hacıbəyovun "Koroğlu" operasına tamaşa edib. Tərcüməçi ona opera haqqında məlumat vermək istəyərkən "bu barədə məlumatım var, azərbaycanlı partizanlar danışıblar" deyib. Şarl de Qoll azərbaycan mətbəxini bəyənib. 5-ci respublikanın prezidentli olarkən 60-cı illərin sonunda Moskvada səfərdə olarkən Sovet rəhbəri Leonid Brejnevlə görüşdə Azərbaycan, azərbaycanlılar və Azərbaycan mətbəxi haqqında xoş sözlər deyib. De Qoll Fransız Müqavimət Hərəkatının üzvlərindən biri "Xarqo" ləqəbli Əhmədiyyə Cəbrayılovu xatırlamışdı. Sovet dövründə Azərbaycan-Fransa münasibətlərində mədəni əlaqələr xüsusi rol oynayıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onu ilk tanıyan ölkələrdən biri Fransa olub. Azərbaycanın mərhum prezidenti, ulu öndər Heydər Əliyev ilk səfərini məhz Fransaya edib. 1993-cü ilin dekabrında baş tutan bu səfərin dərin mənası vardı. Dünyaya demokratik dəyərlər bəxş edən Fransaya səfər etməklə Heydər Əliyev göstərdi ki, Azərbaycanın yolu demokratiya yoludur, bu yoldan dönməyəcək. Heydər Əliyev erməni diasporunun güclü olduğu bir ölkəyə səfər etməklər sübut etdi ki, anti - Azərbaycan qüvvələrin qarşısından geri şəkilmək niyyətində deyil. Azərbaycan-Fransa münasibətlərinin dərin təməlləri üzərində qurulan əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Azərbaycan Fransa üçün etibarlı tərəfdaşdır. Fransanın xarici siyasətində mühüm yer tuturuq.

- Fransa eyni zamanda qondarma erməni soyqırımını rəsmən tanıyan ölkədir. Bu mənada Azərbaycanın bu ölkə ilə siyasi münasibətlərini nə dərəcədə dayanıqlı hesab etmək olar?
- Tarixdə erməni soyqırımı deyilən bir şey olmayıb. Bunun gündəmə gətirilməsi bilavasitə erməni diaspor təşkilatlarının fəaliyyətilə bağlıdır. Bəzi dövlətlərin də maraqlarına yaradığı üçün zaman-zaman ondan istifadə olunub. Hesab edirəm ki, Fransa kimi böyük dövlət ermənilərin cılız iddiaları üzərində öz maraqlarını qurmamalıdır. Tarixdə olmayan uydurma iddianı tanımaq Fransa demokratiyası üzərinə kölgə salır. Fransa bəşəriyyətə bir sıra dəyərlər vermiş demokratik ölkədir. Hesab edirəm ki, saxta erməni soyqırımını müdafiə edən erməni siyasətçiləri bunu ancaq diaspor üçün həyata keçirirlər. Onlar gerçək tarixi bilmirlər. Hesab edirəm ki, Azərbaycan Fransa ilə əməkdaşlıq etməlidir.

- Fransa həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı yaradılmış Minsk qrupunun üzvüdür. Bu ölkənin münaqişənin həllilə bağlı mövqeyini necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı daha ədalətli mövqe tutmalıdır. Fransa ərazilərimizin işğaldan azad edilməsini, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtmalarını tələb etməlidir. Fransa Azərbaycanın suverenliyini, müstəqilliyini müdafiə etməlidir. Əgər təcavüzkar ermənilərin yanında yer alırsa, o zaman Fransa demokratiyası və Fransa xalqının üzərinə kölgə düşmüş olur.

- Krımı özünə birləşdirən Rusiyaya qarşı beynəlxalq təzyiqlərin gücləndiyi bir vaxtda Fransa prezidentinin Azərbaycana səfərini həmçinin Kremlə bir mesaj kimi də qiymətləndirmək olarmı?
- Krımın Rusiyaya birləşdirilməsi beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasıdır. Bu addımı ilə Rusiya imzaladığı bütün beynəlxalq sənədləri pozub. Putinin səhv siyasəti nəticəsində bu vəziyyət yaranıb. Avrasiya İttifaqı yaratmaq ideyası artıq fiaskoya uğrayır. Bəzi mətbu orqanların yazdığı kimi Rusiya bununla razılaşmaq istəmədiyi üçün Azərbaycana da təzyiqlər göstərməyə başlayacaq. Qərb dövlətləri yüni müstəqil dövlətlər içərisində xüsusi çəkisi olan Azərbaycana diqqət yetirirlər. Onlar Azərbaycanın müstəsna əhəmiyyətini bilirlər. Ölkəmizin hər hansı arzuolunmaz layihələrə cəlb olunmaması və ya ölkəmizə təzyiqlərin göstərilməməsi üçün Azərbaycanın beynəlxalq aləmdəki rolu daha da artırılmalıdır.

Ruslan Xəlil


Müəllif: