Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə məşğul olan komissiyanın iclasında xanımı Anna Akopyanla bağlı sualı da cavablandırıb.
Teleqraf.com xəbər verir ki, ona verilən suallardan biri 44 günlük müharibə zamanı həyat yoldaşının bunkerdə gizlənməsi ilə bağlı olub.
Ermənistan baş naziri suala belə cavab verib:
“Müharibə başlayanda həyat yoldaşım dedi ki, orda müharibə varsa, mən İrəvanda boş qala bilmərəm, ora getməliyəm, heç olmasa kömək edərəm və sair. Həmin günlərdə Xankəndini çoxlu insan, ailə tərk edirdi. Həyat yoldaşımın orada olmasının simvolik mənası o idi ki, biz də orada olduğumuzu nümayiş etdirək. Orda isə çölə çıxa bilməyən insanlar vardı, zirzəmilərdə (bunkerlərdə) idilər, yardıma ehtiyacları vardı, həyat yoldaşımın da ora getməsinin məqsədi bu idi”.
44 günlük müharibə zamanı sosial şəbəkələrdə Anna Akopyanın kiçik silahlı qadın qruplaşması ilə “döyüş”ə getməsi ilə əlaqədar fotolar yayılmışdı. Amma sonradan Ermənistanın birinci xanımının “ön xətdə” olduğu bir neçə saat ərzində bunkerdən çölə çıxmadığı məlum olmuşdu.