“Səfər əsasən ikitərəfli xarakter daşıyır və Ermənistanla ABŞ arasında münasibətlərin geniş spektrini əhatə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Emənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ səfərinin səbəbləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, əlaqələrin dərinləşdirilməsi və yeni mövzuların daxil edilməsi üçün yaxşı imkan var.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı sualı cavablandıran Qriqoryan vurğulayıb ki, bütün danışıqlar bir-birini tamamlayır və gündəm demək olar bütün yerlərdə eynidir. O qeyd edib ki, ABŞ-ın regionda iştirakı sabitliyin təmin olunmasına kömək edir və İrəvan Vaşinqtonun danışıqların irəliləyişində səylərini yüksək qiymətləndirir.
“Əlbəttə, hələ də həllini tapmamış problemlər var, amma açıq şəkildə deyə bilərəm ki, İrəvan sülh gündəmində qətiyyətlidir və sabit sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır”.
Qriqoryanın sözlərinə görə, danışıqlar prosesində hələ də öz həllini tapmayan çoxlu problemlər var. Onun fikrincə, ən mühüm məsələlərdən biri də SSRİ Baş Qərargahının 1975-ci il xəritəsi əsasında sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqəlidir. Qriqoryan qeyd edib ki, xəritə ilə bağlı hələ də yekun razılaşma yoxdur, amma bu yöndə iş aparılır. Bundan əlavə, o, erməni xislətinə sığınaraq Qarabağla bağlı separatçı tezislərini təkrarlayıb. “Xankəndi-Bakı dialoqu” sayıqlamasını təkrarlayan Qriqoryanın sözlərinə görə, beynəlxalq mexanizmlər yaratmaq lazımdır ki, bu “format”da Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları müzakirə edilə bilsin.
Qriqoryanın iddiasına görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmayıb. O, bununla bağlı “Qarabağ problemi heç vaxt ərazi problemi olmayıb” fikrini səsləndirib və qeyd edib ki, uzun müddətdir danışıqların aparıldığı konsepsiya, yəni Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ərazi məsələsi deyil.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Praktikada belədir. Bizim həyata keçirmək istədiyimiz yeganə müzakirə, qeyd etdiyim kimi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı Xankəndi ilə Bakı arasında aparılan müzakirələrdir. Bu baxımdan hesab edirəm ki, irəliləyiş olarsa, heç bir ərazi problemi olmayıb və olmayacaq”, - Ermənistan rəsmisi deyib.
“Beynəlxalq mexanizm” sayıqlamasına gəlincə, Qriqoryan bildirib ki, bunu deyəndə İrəvan ilk növbədə Qarabağ erməniləri ilə Bakı arasında gedən və beynəlxalq ictimaiyyətin iştirak etdiyi danışıqları nəzərdə tutur. O, bu kontekstdə Laçın yolunda “beynəlxalq mövcudluq” axmaqlığını da dilə gətirib.
Qriqoryan vurğulayıb ki, son vaxtlar Vaşinqton, Brüssel və Moskvada Ermənistanla Azərbaycan arasında fəal danışıqlar gedir: “Bütün istiqamətlər üzrə işlər aparılır”.
Ermənistan rəsmisi Rusiya sülhməramlılarından da şikayətlənib və qeyd edib ki, ruslar Qarabağ ermənilərinin gözləntilərini doğrultmurlar.
Kommunikasiya xətlərinin (Zəngəzur dəhlizi) açılması məsələsinə toxunan Qriqoryan Ermənistanın bu məsələdə rəhbər tutduğu “üç prinsip”i qeyd edib. Bunlar suverenlik, yurisdiksiya və qarşılıqlılıqdır.
“Ermənistan üçün blokada çox vacibdir. Bu məsələdə ən çox Ermənistan maraqlıdır. Blokadanın qaldırılması “erməni qovşağı” konsepsiyasının həyata keçirilməsi demək olacaq”, - Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Qriqoryanın sözlərinə görə, kommunikasiyaların açılması Ermənistana əlavə gəlir gətirəcək və iqtisadi fəaliyyət üçün əlavə təhlükəsizlik təminatları yarada bilər.