“Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bir sıra Qərb dövlətlərində Azərbaycan əleyhinə aparılan kampaniyalara diqqət çəkib:
“Erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artıb. Buna fikir verməmək də olar, hələlik Qarabağın dağlıq hissəsini tam nəzarətə götürmək məsələsində bizə əngəl yaradacaq ciddi amil yoxdur. Buna baxmayaraq, Ermənistan hökuməti, Qarabağ separatçıları və erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına da seyirçi qalmaq mümkün deyil.
Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir. Ancaq bu, yalnız Hikmət Hacıyevin işi olmamalıdır, səfirlərimiz indiki həssas dövrdə fəallıqlarını artırmalıdırlar, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazarlarıyla görüşməli, fikir mübadiləsi aparmalı və haqlı mövqeyimizi onlara izah etməlidirlər. Bundan da nəticə çıxmayacaqsa, özləri məqalə hazırlayıb müxtəlif nəşrlərdə və saytlarda yayımlanmasına nail olmalıdırlar”.