“Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə, çalışdıqları ölkələrin ictimai-siyasi dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı son iclasına diqqət çəkib:
“BMT Təhlükəsizlik Şurası eyni mövzuya qayıda bilərmi? Bu mümkündür. Emənistan “Qarabağın ağır sosial durumu” və “Laçın yolu” mövzularını yenidən BMT-də müzakirəsini təşkil etməyə çalışacaq. Azərbaycan diplomatiyası həmin günə qədər fəal iş aparmalı və bunun qarşısını almağa çalışmalıdır. Məsələn, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Albaniyanın təmsilçisi Azərbaycanın haqlı mövqeyini dəstəkləyərkən, digər qeyri daimi üzv – Birləşmiş Ərəb Əmirlikləri “balanslı” çıxışa üstünlük verdi. Halbuki müzakirələrdən bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ərəb həmkarıyla telefonla danışmışdı.
Mən yenə də o fikrimdə qalıram ki, Qərb ölkələrində səfirliklərimizi gücləndirməyə, çalışdıqları ölkələrin ictimai-siyasi dairələriylə və mediası ilə sıx kommunikasiya yarada bilən səfirlərə ehtiyacımız var”.