18 Avqust 2023 11:58
8 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın BMT Təhlükəsizlik Şurasının təcili iclasından gözləntisi özünü doğrultmadı, Azərbaycan əleyhinə nəinki qətnamə, heç bəyanat və müraciət də qəbul olunmadı.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin fikrincə, Ermənistan hakimiyyəti müzakirələri “diplomatik qələbə” kimi rəsmiləşdirməyə tələssə də, aparılan ümumi müzakirələr heç nəyi dəyişməyəcək. Qəzet İrəvanın öz uğursuzluğunu ört-basdır etmək üçün bunun ətrafında səs-küy qaldırdığını bildirir.

“Təcili iclas Ermənistanın xahişi ilə çağırıldı (baxmayaraq ki, Azərbaycanın da BMT-yə çoxlu sayda məktub göndərdiyini öyrəndik), “Laçın dəhlizi” məsələsi ətrafında üç saatlıq müzakirə aparıldı. İclasda təkcə BMT Təhlükəsizlik Şurasının 15 üzvü yox, həm də Ermənistan, Azərbaycan, Avropa Birliyi və Türkiyə nümayəndələri də iştirak etdilər. Üstəlik, Türkiyə Azərbaycanın maraqlarını qorumaq üçün BMT Təhlükəsizlik Şurasının sessiyasına getmişdi.

Niyə sessiyadan sonra “Qarabağ məsələsi” ilə bağlı qətnamə və ya bəyanat qəbul edilmədi? Ermənistan Xarici İşlər Nazirliyi iclasdan sonra bəyan etdi ki, tərəflərin arqumentləri, eləcə də Təhlükəsizlik Şurası üzvlərinin mövqeləri dinlənildikdən sonra yaxın 24 saat ərzində qətnamə və ya bəyanatın mətni dövriyyəyə buraxıla bilər”, - məqalədə deyilir.

“Hraparak” artıq belə bir qətnamənin olmayacağının dəqiqləşdiyini vurğulayır. Məqalədə xarici işlər naziri Ararat Mirzoyanın çıxışına da diqqət çəkilir. Qəzet yazır ki, Ermənistanın baş diplomatı sessiyada Azərbaycan, Türkiyə, Albaniya və digər bir sıra ölkələrin nümayəndələrinə cavab verə bilməyib, bundan çəkinib.

Nəşr qeyd edir ki, iclasda yalnız Malta, Fransa və AB nümayəndələri açıq ermənipərəst mövqe sərgiləyib, Təhlükəsizlik Şurasına üzv 15 ölkənin nümayəndələrinin əksəriyyəti çıxışlarını ya ümumi fikirlərlə, ya da Azərbaycanın mövqelərinin açıq və dolayı yolla müdafiəsi ilə yekunlaşdırıblar.

Xankəndidəki separatçı rejimin təmsilçisi Davit Babayan BMT TŞ-dan gözləntilərinin özünü doğrultmadığını deyir. Separatçı sessiyada Azərbaycana qarşı konkret addımların atılması barədə qərarın verilmədiyini, bundan sonra belə bir ümidlərinin də qalmadığını bildirir.

Sabiq deputat Naira Zöhrabyan iclası sadəcə “emosional jest” adlandırır, bunun isə heç nə ehtiva etmədiyini söyləyir.

Fövqəladə və səlahiyyətli səfir Dyunik Ağacanyan nə qətnamənin, nə də bəyanatın qəbul olunmayacağından artıq əmindir. Onun sözlərinə görə, belə olsaydı, o zaman BMT Nizamnaməsi əsasında sessiyadan dərhal sonra açıqlanardı.

“Yəni heç bir konkret mövqeyi (Azərbaycana qarşı) əks etdirməyən çıxışlar oldu. BMT Təhlükəsizlik Şurasının gündəliyini nəzərə alsaq, heç bir real nəticənin olmayacağı əvvəldən bəlli idi”, - Ağacanyan vurğulayır.

Səfir qeyd edir ki, BMT TŞ-a üzv dövlətlər arasında xüsusilə Qarabağla bağlı razılaşdırılmış gündəlik yoxdur. Üstəgəl, onun sözlərinə görə, sessiyada çıxış edən Qərb dövlətlərinin nümayəndələri “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən yayınıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər