"Erməni nümayəndələri bundan əvvəl Yevlaxda görüşə razılıq vermişdilər. Ermənilərlə məsələlərin həll yolu yalnız birbaşa görüşlər hesabına ola bilər. Son anda onların görüşdən imtinasına Rusiya sülhməramlılarının təsirinin səbəb olduğu deyilir. Yevlaxda görüş tam dəqiqləşmişdi, amma alınmadı".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Bərdə görüşünün baş tutması ermənilərin özləri üçün lazımdır:
"Ermənilər indi mətbuatda qeyd edirlər ki, görüşdə keçmiş Dağlıq Qarabağın erməni icmasının statusu məsələsi irəli sürülə bilər. Bu görüşdə bir çox məsələlərin müzakirəsi mümkündür. Bu məsələlərin içərisində erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına səbəbləri yəqin ki, ön planda olacaq. Bu gün əsas məsələ onların Azərbaycan cəmiyyətinə inteqrasiya etməsi, eləcə də onların təchizat sisteminin yenidən qurulmasıdır".
Qabil Hüseynli qeyd edib ki, Laçın dəhlizi ilə xəstələrin və humanitar xarakterli şəxslərin Laçın dəhlizindən keçib geriyə qayıtması üçün hər şərait yaradılıb: "Amma Laçın dəhlizindən böyük miqdarda yüklərin keçirilməsi nəzərdə tutulmayıb. Ona görə də müzakirələrdə alternativ yol, yəni Ağdam-Xankəndi yolunun istifadəsi də gündəmə gəlməlidir. Vəziyyəti gərginləşdirən əsas məsələlər Laçın sərhəd-buraxılış məntəqəsində humanitar yük adı altında toplaşmış böyük miqdarda avtomobillərin, tırların yükünü Xankəndiyə daşınmasıdır. Azərbaycan bu xəbərsiz “qonaqları” həmin ərazidən buraxmaq istəmir. Ümumiyyətlə, bu ərazidə böyük yüklərin daşınmasına hələ ki Azərbaycan tərəfi icazə vermir.
Əsas məsələ ondan ibarətdir ki, bunlar separatçı əhval-ruhiyyəni bir kənara atıb, gələcəkdə Azərbaycan vətəndaşlıq pasportu daşıyan adamlar kimi bu məsələlərin həll edilməsi yoluna diqqət verməlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hamı tərəfindən tanınıb, amma bir dəstə separatçı Rusiyanın dəstəyi ilə qəbul edilən qərarları ilə sabotaj edir".