Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarı Mariya Zaxarovanın Qarabağla bağlı son açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bundan əvvəl Laçın yolu ətrafındakı durumu Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə əlaqələndirmişdi.
Badalyan açıqlamasında bildirib ki, Qarabağ məsələsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb, bu, həmişə bölgədə yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi olub və olmaqda davam edir.
“2022-ci ilin avqust ayında Ermənistan tərəfi Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair Rusiyanın layihəsini təsdiqləyib, buna görə, “Dağlıq Qarabağın statusu”nun müzakirəsi qeyri-müəyyən müddətə təxirə salınmalı idi. Amma Azərbaycan həmin layihəni rədd edərək, Ermənistanla Qarabağla bağlı heç bir şeyi müzakirə etməyəcəyini bəyan etdi”, - XİN sözçüsü deyib.
Badalyan açıqlamasında Rusiyanı “saxtakarlıq və biganəlik”də suçlayıb.
“Bu şərtlər daxilində 2022-ci ildə oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını hələ 1991-ci ildə imzalanmış Almatı bəyannaməsinə sadiqliklərini bir daha təsdiqlədilər. Praqada yeni heç nə qərarlaşdırılmadı. Almatı bəyannaməsi 31 ildir qüvvədədir”, - Ermənistan rəsmisi söyləyib.
Badalyan Rusiyanın da Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib:
“Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, o cümlədən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyannamənin imzalanmasından sonra Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb”.
Açıqlamada “köhnə ənənə”yə uyğun olaraq Azərbaycan əleyhinə absurd və ağlasığımaz iddialara da yer verilib.