Azərbaycana qarşı təxribatlarını artıran ermənilər bu dəfə Türkiyəyə ərazi iddialarını qabartmağa çalışırlar. Artıq bədnam qonşularımız kağız üzərində qardaş ölkənin şərq ərazilərində “Qərbi Ermənistan” adlı xülyalarını gerçəkləşdiriblər. Təxribatçı fəaliyyətlərini internet üzərindən reallaşdırmağa çalışan ermənilər bu məqsədlə kanal da açıblar, BMT-yə müraciət üçün imzatoplama kampaniyası aparırlar. İmzalar “Qərbi Ermənistan vətəndaşları” cəfəngiyyatı ilə toplanır.
ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur ermənilərin Türkiyədəki separatçı fəaliyyətləri barədə Teleqraf-com-a məlumat verib.
TASFO rəhbəri Türkiyədə kiçik bir etnik azlıq olan ermənilərin başlarından böyük iddialarla çıxış etdiklərini söyləyib:
“Ermənilərin türk torpaqlarında sayı heç vaxt və heç bir dönəmdə türk-müsəlman əhalisini ötməyib, həmişə kiçik bir etnik qrup olublar. Bu gün də Türkiyədə yaşayan ermənilərin sayı barmaqla sayılacaq qədər azdır. Amma bu azlıq bu gün Türkiyəyə qarşı başından yekə iddialar irəli sürür. Artıq “Qərbi Ermənistan” adlı uydurma ölkənin “rəsmilər”i kağız üzərində öz “xəritələr”ini çəkib, “müstəqillik”lərini bəyan ediblər. Hələ görün nə deyirlər: “Qərbi Ermənistan Dərsim xalqının (Tuncəli erməniləri) yanındadır”.
Təbliğatla “Qərbi Ermənistan” cəfəngiyyatını türk xalqına sırımağa, onun zehniyyətində yerləşdirməyə çalışırlar. Bu məqsədlə açdıqları “Qərbi Ermənistan Dövlət TV” terrorizmin və separatizmin dəstəkçisidir. Bu separatçı-terrorçu kanala dəstək verənlərin önündə isə Tuncəlidə fəaliyyət göstərən “Dərsim Hay Platforması”nın sözçüsü Ahmet Balkıs gedir. Balkıs Tuncəlinin Səgədik kəndində yaradılan süni göl haqda danışarkən, Türkiyənin aidiyyəti qurumlarını “soyqırımı”nda ittiham edir.
Ahmet Balkısdan sitat: “Bu, soyqırımı siyasətinin təzahürüdür”.
Onların etnik kimliklərindən istifadə edərək qurduqları platformalar üzərindən “demokratik dillə” həyata keçirməyə çalışdıqları fəaliyyətlərin separatizm olduğunu dəfələrlə sübut etmişik. Siyasi cəhdlərinin arxasındakı niyyətlərinin də bölücülük olduğunu üzə çıxarmışıq. Amma biz bunu deyəndə dünyada adımızı “irqçi”, faşist”, “hakimiyyətin adamı” qoyurlar. Ahmet Balkıs kimilər isə əsrin saxtakarlığından – bu gün də imperialistlərin Türkiyəyə qarşı istifadə etdikləri qondarma soyqırımından olmuş kimi danışanda “söz azadlığı” olur”.
Fatih Özonur bildirib ki, etnik əsaslı QHT-lər siyasi məqsədlər üçün istifadə edilirsə, bu, separatizmdir, dövlətin təhlükəsizliyinə təhdiddir:
“Belə strukturların nümayəndələri də imkan tapan kimi mediada terror təşkilatlarının – bağlı olduqları yerlərin sözçüləri kimi çıxış edirlər. “Dərsim Hay Platforması” da belə bir QHT-dir. ASALA və PKK terror təşkilatlarının 40 il əvvəl Beyrutda – Livanda qurduqları birliyin “media sözçüsü”dür. Bu dərnəyin bir dam altında olduğunu düşünmürəm. Çox yaxında Türkiyənin fərqli şəhərlərində, hətta Avropada ayrı-ayrı adlarla fəaliyyət göstərdiyini açıqlayacağıq.
Əlbəttə, hər kəsin öz dinini və milliyyətini normal şəkildə yaşatmaq hüququ var və bu normaldır. Amma bu amillər xüsusilə də terror təşkilatları tərəfindən Türkiyənin konstitusion düzəninə, sərhədlərinə və ərazi bütövlüyünə qarşı təhdid vasitəsi olaraq istifadə edilməyə başlayıbsa, insanları öz yalanlarına inandıraraq təşkilatlanırlarsa, bu dağıdıcı hərəkatın qarşısı qanuni yolla alınmalıdır. Heç kim, heç bir təşkilatın uzantıları Türkiyənin milli maraqlarından üstün deyil. Onların “Dərsim” adlandırdıqları yerin adı isə Tuncəlidir”.