6 Oktyabr 2023 22:56
4 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa hökumətinin maraqlarına nəzarət edən erməni lobbisi deyil, Paris sadəcə regionda nüfuzunu artırmaq məqsədilə özü üçün əlverişli alətdən - ermənilərdən istifadə etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Son zamanlar Parisin Azərbaycana qarşı hərəkətləri ekspertlər tərəfindən təhlil edilərkən belə versiyaları eşitmək olur: fransalı siyasətçilər adətən seçkilərdə erməni seçicilərdən və lobbisindən asılı olduqları üçün Azərbaycana qarşı çıxırlar. Məsələn, prezident, parlament və bələdiyyə seçkilərində. Bu fikirlərdən belə çıxır ki, Fransanın bütün siyasi elitası yerli ermənilərin və ya lobbisinin fikir və ya üstünlüklərindən asılıdır. Bununla razı deyiləm. O mənada ki, bu versiyanın doğruluğunu fərz etsək, o zaman belə anlaşılır ki, Fransa rəhbərliyinin regionumuzun problemləri ilə bağlı öz fikri yoxdur.

Həmin məntiqlə yanaşsaq, belə çıxır ki, Makron pensiya islahatı aparmamalı idi. Milyonlarla insan küçələrə çıxdı, nüfuzlu həmkarlar ittifaqları etiraz etdilər. Bunlar erməni lobbisindən qat-qat təsirlidir. Amma Makron bu etirazlara baxmayaraq, islahatları həyata keçirdi. Bunu seçiciləri nəzərə almadan etdi, çünki korporativ, onu dəstəkləyən maliyyə və sənaye qruplarının üstünlüklərinə əsaslanan maraqlar Makron üçün elektoratın maraqlarından daha vacibdir. Üstəlik, bu, onun Fransa prezidenti kimi ikinci və sonuncu müddətidir”, - ekspert bildirib.

İlqar Vəlizadə hesab edir ki, eyni şey ermənilərə də aiddir, onlar Parisin regionda daha dərin strateji xəttinin həyata keçirilməsi üçün alət və bəhanədir:

“Fransa hökumətinin maraqlarına nəzarət edən erməni lobbisi deyil, Paris sadəcə regionda nüfuzunu artırmaq məqsədilə özü üçün əlverişli alətdən - ermənilərdən istifadə etməyə çalışır. Eyni alətdən həm Azərbaycana, həm də Türkiyəyə qarşı istifadə edir.

Türkiyə-Azərbaycan tandemi isə Parisin Cənubi Qafqazda ambisiyalarını məhdudlaşdıran amil kimi qəbul olunur. Yəni hər şey bəzən göründüyündən daha mürəkkəb və daha dərindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər