Ermənistan hökuməti ləğv edilmiş qondarma qurumun nümayəndələri, o cümlədən baş separatçı Samvel Şahramanyanla görüşdən yayınır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, separatçıların İrəvana köçmələrindən artıq iki həftə vaxt keçməsinə baxmayaraq, Ermənistan rəsmiləri ilə heç bir təmas olmayıb. Üstəgəl, nə Şahramanyan, nə də Ermənistan hökuməti ləğv edilmiş qondarma qurumun nümayəndələrinə ödəniləcək maaşlardan danışır. Mənbə separatçıların gözləmə mövqeyində olduqlarını iddia edir.
Yalnız ötən günlərdə Ermənistan baş nazirin müavini Tiqran Xaçaturyan Şahramanyanla Nikol Paşinyan arasında mümkün görüş barədə məlumat vermişdi. Onun sözlərinə görə, görüş Qarabağdan gələn ermənilərin humanitar problemləri ilə bağlı olmalı idi.
“Artıq iki həftə keçib, amma görüş baş tutmur, görüşün nə vaxt keçiriləcəyi ilə bağlı konkret tarix göstərilməyib”, - məlumatda deyilir.
Nəşr bildirir ki, digər separatçılar Şahramanyanı susqunluğunu pozmağa və “gələcək fəaliyyət”lə bağlı bəyanat verməyə çağırıblar: “Şahramanyan bu çağırışlara rəğmən, riskə getmək istəmir. O hesab edir ki, Paşinyanla görüş baş tutmayana və mövqelər dəqiqləşdirməyənə qədər sakit durmaq lazımdır, belə bir durumda tələsik bəyanat vermək ilk növbədə ona zərər verə bilər”.
“Hraparak”ın iddiasına görə, separatçıların Paşinyandan sosial məsələlərlə yanaşı, “siyasi gözlənti”ləri də var. Söhbət ləğv edilmiş qondarma və ya separatçı qurumun bərpasından gedir. Mənbə bəzi separatçılardan bu yöndə Şahramanyana təzyiqlərin olduğunu yazır. Separatçı ünsürlərin istəyi həm Şahramanyan, həm də Ermənistan baş naziri tərəfindən ləğv edilmiş qondarma qurumun “mühacirət hökuməti” adlandırılması və İrəvanda fəaliyyətinə icazənin verilməsidir. Amma nəşr Paşinyanın bunu qəbul edəcəyi ehtimalına şübhə ilə yanaşır.