Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik davam edir. Azərbaycan Fransanın iki diplomatinı “arzuolunmayan şəxs” elan etdikdən sonra Paris də Bakıya qarşı eyni addımı atıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert iki ölkə arasındakı diplomatik gərginliyin bir müddət də davam edəcəyini proqnozlaşdırır:
“Fransadan Azərbaycana siyasi təzyiqlərin əsas motivi Türkiyə-Azərbaycan ittifaqının Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi nizamla bağlıdır. Paris bu düzəni dəyişdirməyə çalışır. Əlbəttə, Fransanın bölgənin ən zəif halqası Ermənistan vasitəsilə bölgədə geosiyasi mövqelərini gücləndirməsi səylərinin perspektivi yoxdur. Bunun bir səbəbi də bölgədə Türkiyə ilə yanaşı, Fransanın əzəli rəqibi Britaniya faktorunun olmasıdır. Parisin Cənubi Qafqaz siyasəti öz əleyhinə işləyir.
Fransa Afrikadakı uğursuzluğunu Cənubi Qafqazla kompensasiya etməyə çalışır. Amma bura “Afrika üsulu” giriş mümkün deyil. Çünki Afrikada düzən indi formalaşır və bu nizamda Fransaya yer ayrılmayıb, buna görə də başını aşağı salıb yavaş-yavaş əsrlərlə istismar etdiyi qitədən çıxır. Cənubi Qafqazda isə düzənin formalaşması başa çatıb, burada da Fransaya yer tapılmadı. Artıq bunu cidd-cəhdlə Fransanı bölgəyə soxmağa çalışan Ermənistan da anlayır. Rusiyaya meydan oxumağa çalışan Ermənistanın Baş naziri Nikol Paşinyanın heç nə olmamış kimi, sakitcə Peteburqa gedib-qayıtması bunu göstərdi”.
Fransaya gəlincə, Məhəmməd Əsədullazadə hesab edir ki, Paris Azərbaycana qarşı Ermənistana görə təzyiq etməyə çalışmır:
“Fransanın qabartmağa çalışdığı “erməni məsələsi” onun bölgə ilə bağlı maraqları üçün sadəcə bir bəhanədir. Fransanı Ermənistan yox, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək və Türkiyənin regiondakı mövqeyini zəiflətmək maraqlandırır. Bunu təkcə Fransa yox, Rusiya da, İran da, ABŞ də istəyir.
Fransa Cənubi Qafqaz və Orta Asiyaya geosiyasi aktor kimi girərək, bu bölgələrin karbohidrogen ehtiyatları və Orta Dəhlizə nəzarəti ələ keçirməyə çalışır. Fransanın daha böyük güclər qarşısındakı səyləri perspektivsizdir. Parisdə Türkiyə-Britaniya səddinin keçilə bilməyəcəyini anlamamış deyillər. Fransa Britaniyanın olduğu hər məkanda ona uduzub, Cənubi Qafqaz da istisna deyil”.